Ru
06:09 / 16 Yanvar 2020

Bizdə bu nə ev görməmişliyidir!

8565


Elnur Astanbəyli

Bu nə ev görməmişliyidir, ay başınıza dönüm! Niyə bu dağılmışda hər şeyin, ən həssas məsələlərin belə, bir ucu gedib mütləq evə dirənir, dirənə bilir?

İllər əvvəl, "Azadlıq" qəzetinin çıxan vaxtları idi. Bir tanış xahiş elədi ki, qohumunun şikayəti var, onun ictimailəşməsinə kömək edim. Dedim, heç bir problem yoxdu. Şikayət məktubu gəldi. Oxudum, şoka düşdüm! Məlum oldu ki, bir azyaşlını maşın vurub. Nənə sağ qalıb, nəvə ölüb. Uşağın valideynləri qəza törədən şəxsdən şikayətçi olmamaq üçün onun ailəsi ilə belə bir razılığa gəlib: nənənin tam müalicəsi öz yerində, azyaşlıya görə də müəyyən məbləğdə pul ödənilsin ki, onun bacı və qardaşının qayğısız yaşamasına kömək olsun.

Guya da!

Sonra valideynlər tələblərini bir az da irəlilədiblər, Bakıda ev, qarşı tərəf imtina etdikdə isə torpaq sahəsi istəyiblər (ki, eybi yox, evi orda özümüz də tikərik!), əsasları da bu olub: uşağın bacı-qardaşı gələcəkdə ali məktəb oxuyanda küçələrdə qalmasınlar. Yenə - guya da!

Vəziyyəti belə görüb qəzanı törədən şəxsin yaxınları bu dəfə ilkin razılaşmadan - puldan da imtina ediblər. Deyiblər, düşün yaxamızdan, iş ki belədir, məhkəmə nə qərar versə elə olacaq!

Vəhşicəsinə öldürülən Nərmin qızımızın anasının bu boyda həngamənin içində hökumətdən ev istəməsi barədə videonu izləyəndə o vaxt içimi sızladan, ictimailəşməsindən imtina etdiyim bu iyrənc, rəzil şikayət məktubu yadıma düşdü.

Jurnalistin tərəfsizliyini, tənqidcilliyini, yazıçının sözünü, qələmini, rəssamın fırçasını, bəstəkarın notunu, hətta valideynin doğmaca balasının qanını bir qırağa qoyub hökumətdən ev xahişi, yalvarışı ilə yaşadığı ölkədə yaxşı şeylərin baş verəcəyinə ümid eləmək qədər mənasız, gülünc nə ola bilər!

Adamların anormal həddə çatan ev ehtirası, ev hərisliyi Azərbaycanın evini yıxır. Ya da çoxdan yıxıb, bizə hələ indi-indi çatır...

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər