“BMW”nin son illər satılan bir çox avtomobillərində ciddi nasazlıq meydana gəlib.
Bakupost.az xəbər verir ki, şirkət son illər satdığı avtomobillər üçün təcili servis elan edib. Rəsmilər bəzi “BMW” modellərində yanğın riski aşkarlandığını və avtomobil sahiblərinin vaxt itirmədən yoxlanışdan keçməli olduqlarını açıqlayıb.
Açıqlamada bildirilib ki, şirkət bəzi modellərdə texniki problem səbəbindən təhlükəsizlik tədbiri olaraq genişmiqyaslı servis kampaniyasına start verib. Rəsmilər problemin müəyyən texniki komponentlərlə bağlı olduğunu və avtomobillərin mütləq şəkildə yoxlanılmasının vacibliyini vurğulayıblar.
Servis çağırışına daxil olan “BMW” modelləri də elan edilib. Aşağıdakı avtomobillər – 2 seriyası “Coupe”, “3 Seriyası” (bütün versiyalar), 4 seriyası, 5 seriyası, 6 seriyası “Gran Turismo”, 7 seriyası “Sedan”, SUV modelləri – “X4”, “X5”, “X6”, idman modeli – “Z4” risk qrupundadır.
Mütəxəssislər bu avtomobillərdə texniki nasazlıq səbəbindən həddindən artıq qızma və yanğın riski yarana biləcəyini bildiriblər.
“BMW” rəsmiləri risk qrupuna daxil olan avtomobillərin pulsuz yoxlanılacağını açıqlayıb. Zəruri hallarda texniki detalların dəyişdiriləcəyi qeyd olunub.
Avtomobil sahiblərinə səlahiyyətli servislərlə əlaqə saxlayaraq nəqliyyat vasitələrinin risk siyahısına daxil olub-olmadığını dəqiqləşdirmələri tövsiyə edilir.
Rəsmilər “BMW” sahiblərini servis çağırışlarına ciddi yanaşmağa çağırıb. Yoxlamaların gecikdirilməməsi mümkün risklərin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.
Cavid, BakuPost