Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası dəyişir.
Bakupost.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna təklif edilən dəyişikliklərdə qeyd olunub.
Layihəyə əsasən, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb.
Belə ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.
Eyni zamanda attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.