Almaniyanın Köln şəhərində İkinci Dünya Müharibəsindən qalmış 3 partlamamış bombanın zərərsizləşdirilməsi üçün Döyts bölgəsində yaşayan 20 mindən çox insan təxliyə edilib.
Bakupost.az "TRT Haber"ə istinadən xəbər verir ki, Köln Bələdiyyəsinin rəsmi internet saytında yayımlanan açıqlamaya görə, müharibədən qalan ABŞ istehsalı bombaların zərərsizləşdirilməsi üçün əvvəlcədən təxliyə işlərinə başlanılıb. Döyts bölgəsindəki 1 kvadrat kilometr ərazidə yaşayan 20 mindən çox insan təhlükəsizlik məqsədilə ərazidən çıxarılıb.
İkinci Dünya Müharibəsindən bu yana həyata keçirilən ən böyük təxliyə əməliyyatı çərçivəsində Reyn çayı üzərindəki körpülər bağlanıb, qatar reysləri ləğv edilib, evlərlə yanaşı 58 otel, muzey, məktəb, xəstəxana, qocalar evi və baxım müəssisəsi boşaldılıb.
Bombaların zərərsizləşdirilmə vaxtı hələ dəqiq müəyyən olunmasa da, işlərin axşama qədər tamamlanması planlaşdırılır.
Rəsmilər bölgədəki bütün binaların boş olub-olmadığını yoxlamağı tələb edib. Bu yoxlamanın nə qədər çəkəcəyi bilinmir.
Aysel,
BakuPost