Regionlardan Bakıya daxili miqrasiya əmək bazarında mövcud fərqlərlə bağlıdır. Paytaxtla müqayisədə bölgələrdə iş imkanlarının və yüksək əməkhaqqı təklif edən vakansiyaların məhdudluğu sakinlərin iş üçün Bakıya üz tutmasına səbəb olur.
İqtisadçı Xalid Kərimli
“Bakupost”a bildirib ki, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru zəif inkişaf edib, qeyri-neft məhsullarının ixracı isə aşağı səviyyədədir. Bu səbəbdən regionlarda kifayət qədər iş yeri yaradılmır. Onun sözlərinə görə, sahibkarlar daha çox Bakıda iş yerləri yaratmağa maraq göstərirlər.
İqtisadçı qeyd edib ki, regionlarda qeyri-neft sektorunun inkişafı üçün imkanlar məhdud deyil, lakin mövcud potensialdan az istifadə olunur. O, Ermənistan və Gürcüstan kimi ölkələri nümunə göstərərək bildirib ki, həmin ölkələrdə neft-qaz sektoru olmasa da, iqtisadi artım templəri Azərbaycanı üstələyib. Bu da regionlarda iqtisadi imkanlardan daha səmərəli istifadə etməyin mümkün olduğunu göstərir.
Xalid Kərimli xatırladıb ki, 2015-ci ildə neft qiymətlərində yaşanan böhrandan sonra qeyri-neft sektorunun inkişafı və neftdən asılılığın azaldılması dövlətin əsas prioritetlərindən biri elan edilib. Bu istiqamətdə İqtisadiyyat Nazirliyində çoxsaylı əməkdaşların çalışdığını, layihələrə və əməkhaqqı fonduna vəsait ayrıldığını deyən iqtisadçı, buna baxmayaraq, regionların iqtisadi inkişafı və qeyri-neft sektorunun vəziyyəti ilə bağlı problemlərin davam etdiyini vurğulayıb.
Onun fikrincə, problemin həlli üçün ciddi islahatlar aparılmalı, sahibkarların maliyyə resurslarına çıxışı genişləndirilməli, iqtisadiyyatda inhisarçılıq aradan qaldırılmalı və biznesyönümlü məhkəmə-hüquq sistemi qurulmalıdır.
Vüsalə Hüseynova,
BakuPost