Ru
16:47 / 27 Oktyabr 2026

Problemli kreditlər artır: İqtisadi böhran gəlir?

Problemli kreditlər artır: İqtisadi böhran gəlir?
Eye

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 754,3 milyon manat təşkil edib.

“Bakupost” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 4,5% çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 43,8%, son 1 ildə isə 42,8% artıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1% təşkil edib. Bu nisbət avqustun sonuna da 2,1%, ötən ilin sonuna 1,6%, ötən il sentyabrın sonuna isə 1,7% olub.

Problemli kreditlərin məbləğinin son bir ildə xeyli artmasının səbəbi nədir?

Bank-maliyyə eksperti Əkrəm Həsənov “Bakupost”a bildirib ki, belə vəziyyətin yaranmasının başlıca səbəbi ölkədəki iqtisadi böhrandır:

“Azərbaycan hökuməti özü də etiraf edib ki, artım yoxdur. İqtisadi artımın olmaması isə böhran deməkdir. Bir tərəfdən qiymətlər artır, o biri tərəfdən də artım baş vermir. Deməli həm adi vətəndaşların, həm də sahibkarların kreditləri ödəməsində problemlər olacaq. Yəni onların gəlirləri artmasa da xərcləri artır”.

Müsahibimiz təəssüflə qeyd edir ki, problemli kreditlər məsələsi getdikcə daha da dərinləşəcək:

“Təsadüfi deyil ki, Mərkəzi Bank bu yaxınlarda kreditlərin verilməsi qaydalarına dəyişiklik edərək, banklar üçün onu sərtləşdirib. Bu da o deməkdir ki, Mərkəzi Bank problemli kreditlərin artmasının qarşısını almaq istəyir. Deməli, Mərkəzi Bank belə bir təhlükəni görür və ona görə də qarşısını almağa çalışır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar