Ru
16:05 / 27 Oktyabr 2026

Nəşriyyat direktorunun "özüm yazmışam" dediyi hekayələrin plagiat olduğu üzə çıxdı - QALMAQAL

Eye

Yazar Səhər Əhməd məktəb dərsliklərində müəllif hüquqlarının pozulması ilə bağlı iddialar irəli sürüb.

"Bakupost" xəbər verir ki, o, "Aktual gündəm" verilişində çıxışı zamanı "Altun" nəşriyyatının direktoru Raqif İsmayılovun müəllifi kimi təqdim olunduğu "Bilirdim ki, gələcəksən" və "Elektron ünvanım olsaydı..." əsərlərinin əsl müəlliflərinin başqaları olduğunu iddia edib.

Səhər Əhmədin sözlərinə görə, "Bilirdim ki, gələcəksən" əsəri müxtəlif vaxtlarda Kəramət Böyükçöl və Məzahir Məmmədov tərəfindən də sosial şəbəkələrdə paylaşılıb. Həmçinin müəlliflər arasında Raqif İsmayılovun da adı var. Lakin əsər amerikalı əsgərlərin Əfqanıstanla bağlı xatirələrindən götürülüb.

Yazarın iddiasına görə, "Elektron ünvanım olsaydı..." əsəri də dərslikdə Raqif İsmayılovun adı ilə təqdim edilsə də, əsl müəllifi Səlim Özdəmirdir.

Sözügedən dərslikləri tərtib və çap edən "Altun" nəşriyyatının direktoru Raqif İsmayılov ittihamları qəbul etməyib. O, hər iki əsəri özünün yazdığını bildirib.

"Desinlər ki, Kəramət Böyükçöl bunu nə vaxt paylaşıb? Kəramət Böyükçöldən beş il əvvəl mənim bu əsərim artıq dərslikdə verilmişdi. "Elektron ünvanım olsaydı" əsəri harada çıxıb ki? Onları mən yazmışam. Mən öz yazdıqlarımı bilmirəm?!",- deyə Raqif İsmayılov bildirib.

Bundan sonra Səhər Əhməd yeni açıqlama verərək hər iki hekayənin mənbəyini tapdığını iddia edib.

"Raqif İsmayılovun "özüm yazmışam" dediyi hər iki hekayənin mənbəyini tapmışam. Biri türkcə, biri ingiliscədir. Olduğu kimi tərcümə edib öz adı ilə verib", - deyə yazar qeyd edib.

Lalə Novruz, BakuPost




Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar