Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Piter Mendelsonun Ceffri Epşteynlə əlaqələri hakim Leyboristlər Partiyasını sarsıtmaqda davam edir.
Bakupost.az Britaniya medasına istinadən xəbər verir ki, baş nazir Kir Starmerin dünən parlamentdə keçirilən iclasda Mendelsonu səfir təyin etməzdən əvvəl siyasətçinin Epşteynlə münasibətləri barədə məlumatlı olduğunu deməsi şok effekti yaradıb.
Partiyanın lideri Starmer Mendelsonla bağlı, “Səfir təyin olunmazdan əvvəl və vəzifədə olduğu müddət ərzində Epşteynlə münasibətləri soruşulduqda komandama dəfələrlə yalan danışıb”, – deyib.
Mendelsonu səfir təyin etdiyinə görə peşman olduğunu deyən Starmer əlavə edib: “Əgər o zaman bu gün bildiklərimi bilsəydim, hökumətə yaxınlaşmasına belə icazə verməzdim”.
“Guardian” qəzetinin təhlilində yazılır ki, Epşteynlə əlaqələrindən xəbərdar olduğu halda Mendelsonu səfir təyin etməsi Starmerin vəzifəsini itirməsinə səbəb ola bilər.
Əvvəllər Starmerə yaxın olan, lakin adının açıqlanmasını istəməyən bir deputat iclasla bağlı belə deyib: “Atmosferin dəyişdiyini hiss etmək mümkün idi, mühit getdikcə qaralırdı”.
Başqa bir deputat isə “Bu, müdafiəolunmaz bir vəziyyətdir. Peterin Epşteynlə əlaqəsini bildikləri halda yenə də onu vəzifəyə gətirdilər” deyərək əlavə edib: “Keyr bunu etiraf etdiyi anda hər şey bitdi”.
Keçmiş bir nazir də “Yeni başlanğıc üçün vaxt çatıb, nə qədər tez olsa, bir o qədər yaxşıdır” deyərək Starmerin gələcəyinin təhlükə altında olduğunu vurğulayıb.
Starmer Mendelsonu təyin edərkən onun Toni Bleyer və Qordon Braun hökumətlərindəki fəaliyyəti, eləcə də 2004–2008-ci illərdə Avropa Komissiyasının ticarət üzrə üzvü olması səbəbilə Donald Tramp administrasiyası ilə münasibətləri idarə etmək üçün ideal namizəd olduğunu demişdi.
BBC-nin “Newsnight” proqramına qatılan Leyboristlər Partiyasından Barri Qardiner Starmerin istefa ehtimalı ilə bağlı, “Düşünürəm ki, ölkənin maraqları üçün nəyin ən doğru olduğunu ətraflı şəkildə nəzərdən keçirməlidir”, – deyib.
2020-ci ildə leyboristlərin liderliyi uğrunda yarışda Starmerin rəqibi olan Rebeka Lonq-Beyli də Mendelsonun təyinatını “fəlakətli qərar” adlandıraraq, baş nazirin “cavablandırmalı olduğu böyük suallarla” üz-üzə qaldığını söyləyib.
ABŞ-də aparılan Epşteyn işi ilə bağlı sentyabrın 9-da üzə çıxan yazışmalarda Mendelsonun Epşteynə göndərdiyi ad günü mesajında iş adamından “ən yaxşı dostum” kimi bəhs etdiyi məlum olmuşdu. Bunun ardınca Starmerin göstərişi ilə Mendelson 7 aylıq səfirlik vəzifəsindən azad edilib.
Ötən həftə dərc olunan sənədlərdə 72 yaşlı siyasətçinin Epşteyndən təxminən 75 min dollar məbləğində ödəniş aldığı üzə çıxıb. Bundan əlavə, Epşteynin Mendelsonun həyat yoldaşının təhsili üçün təxminən 10 min funt sterlinq (təxminən 592 min TL) ödədiyi də sənədlərdə yer alıb.
Mendelson isə bu pulları aldığını xatırlamadığını iddia edib və sənədlərin həqiqiliyinin araşdırılacağını bildirib.
Mendelson ötən həftə Leyboristlər Partiyasından, fevralın 3-də isə Lordlar Palatasından istefa verib.
Vəzifəsindən sui-istifadə ittihamı ilə barəsində istintaq başladılan Mendelsonun iqtisadi cəhətdən çətin vəziyyətdə olan Avropa Birliyi (AB) üzvü ölkələrə dəstək məqsədilə planlaşdırılan 500 milyard avroluq xilasetmə fondu ilə bağlı bəzi məlumatları Epşteynə ötürdüyü də yeni sənədlərdə yer alan iddialar sırasındadır.
Bununla yanaşı, Mendelsonun 2008–2009 maliyyə böhranı zamanı London rəhbərliyinin pul siyasətinə dair həssas məlumatları da Epşteynlə paylaşdığı iddia olunur.
Epşteyn barəsində yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar ittihamları ilə 2005-ci ildə istintaq başlanmışdı. İş adamı 2008-ci ildə məhkəmə ilə razılaşma çərçivəsində “fahişəliyə təşviq” ittihamını qəbul etmiş, bunun müqabilində 18 ay açıq həbsxanaya göndərilmişdi. Həftədə 6 gün, gündə 12 saat ofisinə getməsinə icazə verilən Epşteyn 13 ay sonra şərti azadlığa buraxılmışdı.
Mendelson və Epşteyn arasındakı yazışmaların bu dövrə təsadüf etməsi və britaniyalı siyasətçinin həbsdən sonra da iş adamı ilə münasibətini davam etdirməsi diqqət çəkir.
Baş nazir Starmer Mendelsonun Epşteynlə əlaqələrinin detalları və iş adamı ilə həssas məlumatları paylaşmasının “son dərəcə qəzəbləndirici” olduğunu bildirərək, “Mendelson ölkəmizə, parlamentimizə və partimə xəyanət edib”, – deyib.
Starmer Mendelsonun səfir təyin olunmazdan əvvəl aparılan təhlükəsizlik yoxlaması ilə bağlı sənədlərin ən qısa zamanda açıqlanacağını vəd edərək, milli təhlükəsizliyə və beynəlxalq münasibətlərə təsir göstərə biləcək məqamların sənədlərdən çıxarılacağını qeyd edib.
Cavid, BakuPost