Naxçıvan Dövlət Universiteti (NDU) tələbələrinin akademik nailiyyətlərini yüksək qiymətləndirir, onların təhsil və sosial təminatına xüsusi önəm verir.
Bakupost.az xəbər verir ki, universitetin yaydığı məlumata görə, tələbəyönümlü təhsil siyasəti ilə seçilən universitetin inkişaf strategiyasında tələbələrin akademik uğurları, sosial rifahı və şəxsi inkişafı əsas prioritetlər sırasında yer alır.
Bu məqsədlə tələbələrin beynəlxalq mübadilə proqramlarında iştirak imkanları genişləndirilir, təqaüd və sosial dəstək mexanizmləri davamlı olaraq təkmilləşdirilir. Yüksək nəticə ilə NDU-ya qəbul olan tələbələr üçün isə xüsusi təqaüd proqramları tətbiq olunur. Belə ki, ən yüksək bal toplayan tələbələr aylıq 800 manatadək təqaüd imkanı əldə edirlər.
Bu məbləğə Prezident təqaüdü (350 manat), əlaçı təqaüdü (200 manat), həmçinin yüksək bal toplayan abituriyentlər üçün nəzərdə tutulan əlavə təqaüdlər daxildir. Eləcə də, universitetdə 650 və daha çox bal toplayan tələbələr 250 manat, 600-649 bal arası nəticə göstərən tələbələr isə 200 manat aylıq təqaüd ala bilərlər. Həmçinin 600-dən yuxarı bal toplayan tələbələr NDU-nun Tələbə Evindən ödənişsiz olaraq yararlanmaq imkanı əldə edirlər.
Ali təhsil ocağında Prezident təqaüdü ilə yanaşı, Heydər Əliyev, Zərifə Əliyeva, Əziz Səncər, Üzeyir Hacıbəyov və digər görkəmli şəxsiyyətlərin adını daşıyan, universitetin Elmi Şurası tərəfindən təsis edilmiş təqaüdlər də mövcuddur.
Eyni zamanda valideyn himayəsindən məhrum olan, şəhid ailəsi statusulu tələbələr üçün isə xüsusi təqaüd əlavələri nəzərdə tutulur. O cümlədən, uiversitetdə məqsədli təqaüdlər də var. 500 baldan yuxarı nəticə göstərib müəllimlik ixtisasını seçənlərə “Gələcəyin müəllimi” təqaüdü təqdim edilir. Həmçinin sahibkar təqaüdləri, hüquqşünaslıq, stomatologiya və bir neçə başqa ixtisaslarda təhsil alan tələbələr üçün də xüsusi təqaüdlər hər tədris ilində nəzərdə tutulur.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində ümumilikdə 42 fərqli təqaüd tələbələri gözləyir.