Ru
10:58 / 25 Oktyabr 2021

“Bura gələcəksən”

3696
Xeybər Göyyallı


“BURA GƏLƏCƏKSƏN”
Hekayə


Qubadlının işğaldan azad olunmasının birinci ildönümünə

Qızyetər nənə Göyyaldan çıxandan düz on beş il sonra hər axşam soyuq olan yorğan-döşəyinə girər-girməz ” bura gələcəksən” sözlərini eşidirdi. Hər gecə yatağına girməzdən qabaq “ bura gələcəksən” sözünü eşidən Qızyetəri titrəmə tutardı. Ərinin sifəti hər axşam yatağına girəndə gəlib dururdu gözünün önündə. Ərinin sifəti hər gecə yatmazdan əvvəl gözünün önünə gələn kimi özündən asılı olmayaraq tələm-tələsik gözlərini yumurdu. Ancaq bütün gün ərinin Saray qəbiristanlığındakı məzarını göz önünə gətirər, ərinin sol tərəfində gələcəkdə qazılacaq məzarı barədə fikirləşərdi. Ancaq gecələr gözünün önündən gəlib keçən ərini görməyə qorxurdu. Yatağına uzanıb, bir neçə dəfə “Bismillah” dedikdən sonra yuxuya gedənə kimi kəlmeyi- şəhadətini oxuyardı. Təzə-təzə “bura gələcəksən” sözlərini eşidəndə eymənirdi, devikə-devikə sağına-soluna baxırdı, yatağına uzanan kimi gözünü bərk-bərk yumurdu ki, heç nə görməsin. Ona elə gəlirdi ki, gözünü açsa on beş il qaldığı yataqxananın tavanında kimisə görəcəkdir. İlk vaxtlar “bura gələcəksən” sözünü eşidəndə onun qorxduğunu evdəkilər də hiss edirdi. Bir dəfə oğlu anasının yerinin içində titrədiyini görüb “sən ermənin top-tüfəngindən qorxmurdun, burda nə olub belə, nədən qorxursan?” soruşmuşdu. Qızyetər nənə özünü bilməməzliyə qoyub “nə olub ki, belə deyirsən, a bala?” söyləmişdi. Oğlu bu sözdən sonra çox dərinə getməmiş, dilucu “elə bil nəsə qorxursan, nə olub belə?” demişdir. Qızyetər sonra bu sözlərə öyrəşdi. Hər axşam kəlmeyi-şəhadətini də, bəlkə, elə bu sözə görə oxuyurdu.
Müsəlmanların da işlətdiyi miladi təqvimi ilə 2020-ci ilin oktyabr ayı idi. Camaat bir-birinə mobil telefonla göz aydınlığı verirdi ki, Qubadlı da alınıb. Bir gün bu xəbər televiziyadan da eşidildi. Qızyetər nənənin nəvələri yaşadıqları yataqxanadakı otağın qapısını açıb “ Ura! Qubadlı alındı” deyə qışqıra-qışqıra beşinci mərtəbədən həyətə düşdülər. Onlara elə gəlirdi ki, bu xəbəri yalnız onlar bilir, güman edirdilər ki, yəqin, çox adam gecənin bu vaxtı yatır. Belə başa düşürdülər ki, çoxdan gözlənilən bu xəbəri illərlə Qubadlı həsrəti ilə yataqxanaya pərçimlənmiş həmyerliləri onlardan eşidəcəklər. Onlar həyətə düşəndə camaatı görüb qışqırıqlarını kəsdilər. Uşaqlar bir-iki dəqiqənin içərisində hamının diqqətini cəlb etmək üçün ocaq çatmışdılar. Yataqxanada heç kəs qalmamışdı, hamı həyətə tökülüşmüşdü. Qonşu binaların sakinlərinin çoxu eyvanlara çıxmışdılar; kimi bayraq yelləyir, kimi “Qubadlı da alındı!”, “Ura”, “Yaşasın Azərbaycan Ordusu! “, “Qarabağ Azərbaycandır!” deyə qışqırırdılar.

Qızyetər nənənin nəvəsi nənəsini gətirmək üçün beşinci mərtəbəyə qalxdı. Qaranəfəs içəri girib “nənə, səndən başqa hamı həyətdədir, ayaqqabını gey, düşək aşağı” deyib nənəsinin əlindən tutdu. Qızyetər nənə könülsüz “ çıx get, mən ora düşən deyiləm”. Nəvəsi Qızyetər nənənin əlini buraxmayıb təkrar-təkrar deyirdi: ” Ay nənə, hamı həyətdədir, sənə nə olub, niyə düşmürsən? Sən sevinmirsən kəndimizin alınmağına? ” Nəvəsi görəndə ki, nənəsi ağzını açıb cavab vermək belə istəmir həyəcanla dedi: ” Mənim sözümə inanmırsan, çıx eyvana bax, gör həyətdə nə qədər adam var”. Qızyetər nənə elə bil lal-kar olmuşdu, bu sözləri eşitmirdi, ağzını açıb bir söz demədi.

Dan üzünə yaxın hamı yataqxanadakı otağına qalxdı. Qızyetər nənənin nəvələri də yatmağa getdilər. Onlar içəri girən kimi Qızyetər nənə - “ Qasıma zəng edin, gəlib məni aparsın”,- əsəbi formada dedi. İyirmi yeddi ildir kiçik oğlu Dəyanətlə yataqxanada yaşayan Qızyetər arvad birinci dəfə idi ki, harasa getmək istədiyini dilinə gətirirdi. Anasından bu sözləri eşidən Dəyanətin yer-göy başına fırlandı. Key kimi qalmışdı, nə deyəcəyini bilmirdi, ayaq üstə donub qalmışdı.

Qubadlının alındığını eşidəndə Qızyetər nənə ürəyində buna sevinsə də, oğul-uşağı kimi sevincini üzə çıxara bilmədi. Daha doğrusu, bunu edə bilmirdi. Nə etsin ki, özündən asılı deyildi. Bir anlıq Qızyetər arvadın gözü qaraldı, ona elə gəldi ki, daha dünyanın axırıdı.
Qızyetər ata-anasının ilki idi. Atası qız övladı istəmədiyindən ona bu adı vermişdi. Qızyetərdən sonra ailədə uşaq doğulmadı. Atasının ona Qızyetər adı verməsi sanki Tanrıya ağır getmişdi. Camaat da danışırdı ki, Tanrının qəzəbi tutdu Fətiyə, daha ona heç qız övladı da vermədi. Əllərini birdəfəlik üzmüşdülər ki, daha övladları olmayacaq. Fəti və arvadı yeganə qızlarının üstündə əsirdilər.

Qızyetər ərə gedəndən sonra əvvəl atası, sonra anası dünyalarını dəyişdi. Qızyetərin dörd oğlu oldu. Tanrıya şükürlər etsə də, ömür-gününə qaçqınlıq yazılandan sonra qonşuların yanında Tanrıdan gileyini də hərdən dilə gətirərdi: ”Başına döndüyüm, dördün birini qız vermədi ki, öləndə məni doyunca ürəkdən ağlayan olsun!”. Bu sözlər ağzından qurtarmamış da səhvini anlayıb deyərdi: ”Ey göy çadırlı, günah edirəm, günahlarımı bağışla, hər şeyin doğrusunu sən bilirsən, məsləhətinə şükür!”. Hərdənbir qız övladının olmadığından gileylənən və elə həmin anda günah etdiyini etiraf edən Qızyetər arvad ömür-günündən, taleyindən razı idi.

Qızyetərin əri Məmməd qaçqınlıqdan on beş il sonra Sumqayıtda dünyasını dəyişmişdi. Məmmədi oğlanları Saray qəbiristanlığında dəfn etmişdilər. Oğlanları hərdən atalarının qəbrinə ziyarətə gedəndə analarını da aparmaq istəyirdilər. Qızyetər getməkdən imtina edib deyərdi ;” mən ora bircə dəfə gedəcəm, onda da geri qayıtmacam, siz gedin- gəlin. Onu da yadınızda saxlayın ki, bura şəhər yeridi, hər dərədən gəlib yığışıblar bura, qəbri yiyəsiz qoymaq olmaz, hərdən gedib baxın, göz-qulaq olun”.

Qızyetər çox diribaş və fərasətli qadın idi. Əri Məmmədin isə çox sakit və fağır görkəmi vardı. Məmməd bütün görəcəyi, tutacağı işləri Qızyetərlə məsləhətləşərdi. Öz ağlına batan işlərə də arvadı ilə məsləhətləşmədən başlamazdı.

Qızyetər də ərinə bu dünyada mudarası kimi baxırdı .“Məmməd, səni Allah mənə dədə əvəzi, qardaş əvəzi verib. Məni bu dünyaya bağlayan sənsən, səndən qeyri kimim var, qardaş yox, bacı yox. O dörd oğlu da Allah sənin üzündən verib bizə”,- daldalada belə deyərdi.

Məmməd dünyasını dəyişəndən sonra Qızyetər qohum-əqrəbanın yanında deyərdi:”Allah uşaqlara dəyməsin, amma Məmməddən sonra elə bil bir yanım yoxdur, qolum qırılıb, bu dünyanın isti-soyuğunu bilmirəm”. Məmmədin ölümü Qızyetərə çox pis təsir etmişdi, uzun müddət məlul- bikef gəzib dolandı. Oğlu Dəyanət zarafata salıb deyirdi: ”Dədəm bu dünyadan nakam getdi, anam hələ də özünə gələ bilmir”.Qızyetər də söz yeyən deyildi, oğluna elə sözlər deyirdi ki, Dəyanət burula-burula , eşilə-eşilə qalırdı.”Sən hardan biləsən ki, hər yaşın öz kamı var. İnsan dünyanı elə ahıl yaşında başa düşür. Elə dünyanı başa düşəndə də bu dünyadan köç edir. Bu da Allahın işidir, məsləhətinə-hökmünə şükür. Nə bilirik, hər şeyin doğrusunu bilən odur. Mən deyənləri sən də nə vaxtsa başa düşəcəksən, onda biləcəksən ki, yaş nədir, baş nədir...” Qızyetər oğlu Dəyanətə çox belə sözlər demişdi.

O gecə heç kəs yatmadı. Səhərə qədər kənd-kəsəkdən danışdılar. Qızyetər ağzını açıb bir söz demirdi. Dəyanət anasının məlul-müşkül dayanmasına məəttəl qalmışdı. Ürəyində öz-özünə deyirdi: ”Görəsən, nə oldu bu arvada? Kim nə deyib, kimdən nə eşidib? Bütün xalq, bütün el-oba camaatı deyib-gülür, sevinir. Bunun da elə bil oğlu-qızı ölüb. Nə isə olub, elə belə iş deyil, burda nəsə var. Evi yıxılmışın qızından söz almaq olur ki...”

Sübh tezdən Qasım köhnə “Jiquli”si ilə gəlib anasını apardı. Qızyetər Qasımın evinə girən kimi ayaqqabılı eyvana çıxdı. Oğlu Qasım da siqaret bəhanəsi ilə anasının ardınca getdi. Qızyetər əlini Saray qəbiristanlığına tərəf uzadıb dedi: “Qasım, məni orda, dədənin yanında basdırmasan, verdiyim süd sənə haram olsun! Mən bundan sonra Göyyala gedən deyiləm, birdən oralarda ölərəm...”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər