Xəbər verdiyimiz kimi, Azərbaycanda yolda sürət həddini aşmağa görə cərimələr artırılır. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilirdi.
Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat cərimə tətbiq edilirdi. Beləliklə, cərimələr bu istiqamətdə 50 manat artırılır.
Artıq Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri I oxunuşda qəbul edib.
Sürət həddini aşmağa görə cərimələrin artırılmasına münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bakupost.az -a açıqlamasında deyib ki, cərimə sanksiyasının artırılması vəziyyətdən çıxış yolu deyil. Bu, bir o qədər də effekt verməyəcək:
“Mən ümumiyyətlə, cərimələrin artırılmasının tərəfdarı deyiləm. Bu düzgün yanaşma deyil. Amma hesab edirəm ki, alkoqollu içki, narkotik maddə istifadə edərək avtomobil idarə edənlərə qarşı ən sərt cəza və cərimə tətbiq edilməlidir. Çünki spirtli içki və psixotrop maddə təsiri altında avtomobili idarə etmək həm sürücü, həm onunla bir maşında olan insanlar, həm də piadaların həyatı üçün təhlükəlidir. Ona görə də, bəzi qayda pozuntularına görə cərimələr artırılsa, yaxşıdır. Çox təəssüf ki, spirtli içki istifadə edib sükan arxasına əyləşənlərə tətbiq edilən cərimə artırılmayıb. Bu məbləğ elə 400 manat saxlanılıb. Oraya yeni bənd əlavə edilib. Bu da psixotrop və narkotik istifadə edib avtomobil idarə edənlərə qarşı cərimənin 600 manat olmasıdır. Bununla belə mən spirtli içki qəbul edib sükan arxasına əyləşənlə psixotrop maddə istifadə edib avtomobil sürən arasında bir fərq görmürəm".
Ekspert deyir ki, işıqforu qırmızı işığında keçmək, sürət həddini əhəmiyyətli dərəcədə aşmaq, eləcə də narkotik maddələrin təsiri altında avtomobil idarə etmək kifayət qədər ciddi qayda pozuntularıdır:
"Bu kimi qayda pozuntularına tətbiq edilən cərimələrin məbləği artırılmalıdır ki, belə hallar baş verməsin".
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, ölkədə cərimələr minimum əməkhaqqı, median əməkhaqqı, minimum təqaüdlərə uyğun şəkildə qaldırmaq lazımdır.
Onun sözlərinə görə, yalnız cərimələrlə hər şeyi həll etmək olmaz, bəzi digər nüansları da nəzərə almaq lazımdır:
"Hökumət cərimələri artırmaqla özündən asılı olan problemlərin həllini vətəndaşa yükləyir. Bəzi yollarda sürət həddi tez-tez dəyişir. Baxırsan ki, nişanda 110 göstərilir və bir müddətdən sonra bu sürət sərt şəkildə 60-a enir. Bu, özü-özlüyündə qəza vəziyyəti yaradır. Bu məsələləri araşdıran bir mərkəz olmalıdır. Bu olmadığı halda, bir tək cərimələrin artırılması yolu ilə sürətin aşılması ilə mübarizə aparmaq doğru deyil".
Sevinc
BakuPost