Çin Ukraynaya qarşı müharibədə Rusiyanın döyüş təcrübəsini öyrənir və Qərb silahlarının faktiki effektivliyi barədə Rusiyadan məlumat alır. Bura, xüsusən də Tayvan ordusunun xidmətində olan HIMARS raket sistemləri daxildir.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa kəşfiyyatının məlumatına görə, Çin qoşunları 2024-cü ildən bəri Rusiyanın Volqoqrad şəhəri yaxınlığındakı poliqonda təlim keçir.
Bildirilir ki, ölkələr arasında əməkdaşlıq yalnız piyada və pilotsuz təyyarə operatorlarının təlimi ilə məhdudlaşmır. Qərb rəsmiləri Rusiyanın Çinə hava və raketdən müdafiə texnologiyalarını ötürdüyünü də iddia edirlər. Bundan əlavə, Moskva Pekinə Çin nüvə sualtı qayıqlarının düşmən kəşfiyyatı üçün daha az aşkarlanmasına kömək edir.
Tərəflər habelə, raketdən erkən xəbərdarlıq sisteminin yaradılması üzərində də birgə çalışırlar.
Hərbi ekspert İbrahim Rüstəmli
Bakupost.az-a bildirib ki, Çinin bir nömrəli problem Tayvan məsələsidir:
“Pekin Tayvanı öz ərazisi hesab edir və əsas prioriteti də onu özünə birləşdirməkdir. Çin lideri Si Cinpin məsələnin sülh yolu ilə həll olunmasını istədiyini bildirib. Amma eyni zamanda, razılaşma əldə olunmasa güc amilini də istisna etməyib. ABŞ də öz növbəsində Çinlə Tayvan arasında münaqişə baş verərsə, ikinciyə hərbə dəstək verəcəyini gizlətmir”.
Ekspert hesab edir ki, nə vaxtsa Tayvanın Çinə birləşdirilməsi və yaxud ikincinin birinciyə hücumu qaçılmaz ola bilər:
“Amma indiki vəziyyətdə ABŞ müdaxiləsi təhlükəsi fonunda Çin Tayvana qarşı hərbi əməliyyatlara baş vurmayacaq. Yaxın vaxtlarda Çinin Tayvana hərbi təcavüzü baş verməyəcək. Amma bu, mütləq nə vaxtsa baş verəcək”.
Rüfət Sultan,
BakuPost