Braziliyada “BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyası”nın 30-cu Tərəflər Konfransının (COP30) keçirildiyi ərazidə yerləşən pavilyonlardan birində yanğın baş verib.
Bakupost.az yerli KİV-ə istinadən xəbər verir ki, Belin şəhərində keçirilən “BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyası”nın 30-cu Tərəflər Konfransının (COP30) ərazisindəki pavilyonlardan birində yanğın çıxıb. Yanğın səbəbindən iştirakçılar dərhal binadan təxliyə edilib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu qısa müddətdə söndürə bilib. Məlumata görə, yanğın nəticəsində həlak olan və ya yaralanan yoxdur.
Yanğının səbəbi hələlik məlum deyil, lakin ilkin ehtimallara görə hadisə elektrik təsisatındakı nasazlıqdan qaynaqlana bilər. Polis yanğın baş verən binanın ətrafında təhlükəsizlik halqası yaradıb.
Zirvədə təxminən 200 ölkədən nümayəndə heyətləri, eyni zamanda qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media nümayəndələri daxil olmaqla minlərlə insan iştirak edir.
Cavid, BakuPost