Ru
12:14 / 23 İyun 2021

"Çox zaman seçilmiş insanlar cəmiyyətə olduğundan fərqli təqdim olunur" - Bahar Muradova (MÜSAHİBƏ)

6625
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Bakupost.az -a müsahibəsinin ikinci hissəsi:

Müsahibənin əvvəli burada

- Siyasətçilərlə xalq arasında dərin bir uçurum var. Bu hardan qaynaqlanır sizcə?

- Çox zaman seçilmiş insanlar cəmiyyətə olduğundan fərqli təqdim olunur. Bəziləri düşünür ki, hər şey onlar üçün daha rahatdır. O, efirdə görünürsə, köməkçisi, sürücüsü varsa, deməli, bu insanın heç bir dərdi, problemi yoxdur, sadə insanları qətiyyən düşünmür, özünü onlardan kənarda tutur. Bu tək siyasətçi ilə vətəndaş arasında olan münasibət deyil. Hətta yaxın qohumlar belə bəzən sənə layiq olmadığın münasibəti göstərir. Mən bunu həyatımda görmüşəm. Onlar da o kütləyə qoşulub sənin olduğundan daha yaxşı vəziyyətə sahib olduğunu düşünür. Hətta cəmiyyətdə sənin haqqında eşitdiyi, həqiqətə uyğun olmayan fikirlərə qarşı münasinət bildirməkdən çəkinir. Bax onda adam əlbəttə, xəyal qırıqlığına uğrayır. Sənə yaxın, doğma olan insan səndən həqiqəti soruşmadan səni müdafiə etmək istəmir. Belə qəribə paradokslar var.

Lakin bu o demək deyil ki, belə hallarda mən əlimi işimdən soyuda, doğru bildiyim və səmimi olaraq qəbul etdiyim yolla xalqıma və dövlətimə xidmətdən cəkinməli, yaxud da ruhdan düşməliyəm. Xeyr və əsla. Əhəmiyyət vermirəm və onları öz vicdanlarına tapşırıram.

- Qəbul etdiyiniz tənqidlər olurmu?

- Mən tənqidlərə açıq insanam. Fikir olaraq hər bir tənqidi qəbul edirəm. Səddi keçməyən tənqidi fikir söyləyən insanlara heç vaxt fikirlərini dəyişmələri üçün təsir göstərməmişəm. Ancaq şəxsiyyətə, şəxsi həyata toxunmaq qəbuledilməzdir. Bəzən də qəsdli olaraq kimlərsə, hansısa dairələr nüfuzdan salmaq siyasəti aparır və sən də bunu bildiyin üçün susursan. Xüsusi olaraq hansısa saytlara zəng vurub, filan məlumatı çıxarın xahişi və göstərişi verməmişəm. Sadəcə telefon açıb həqiqəti faktlarla göstərmişəm. Vicdanı olan səhvini düzəldib. Məqsədli olanlarla isə əlbəttə ki, heç bir müzakirə açmağa dəyməz.



Mən başa düşürəm hamı məni sevməyə məhkum deyil, haqqımda hamının yaxşı danışmaq borcu da yoxdur. Amma mənəvi və hüquqi kriteriyaları gözləmək hamının borcudur.

Bir də ki, bu tək bizim cəmiyyətimizdə baş vermir. Bütün dünyada belədir. Baxın Amerikada Trampın ünvanına nələr demədilər. Özü də bunu tanınmış, nüfuz sahibi olan sənət adamları etdi. Əgər olanlardan və olacaqlardan ehtiyyat edir, qorxursansa o zaman siyasətə qatılmamalısan.

- Sizə qarşı aparılan kampaniyalara ailənizdə reaksiya necə olur? Bu onların sosial, şəxsi həyatlarına təsir edirmi?

- Əlbəttə edir. Mənəvi cəhətdən təsirlənirlər. Amma mənim ailə üzvlərim fərqli keyfiyyətlərə sahib olan insanlardır. Onlar məni yaxşı tanıyırlar. Onun üçün də o söhbətin üstünə gəlmirlər. Ümumiyyətlə isə ailəmi bu proseslərdən kənarda saxlamağa çalışıram. Evə qəti şəkildə iş aparmıram. Biz evdə tamamilə fərqli mövzularda müzakirələr aparırıq.

- 44 günlük müharibə bizi tək Qarabağa deyil, həm də özümüzə qaytardı deyə bilərikmi?

- Birmənalı olaraq. Diqqət edin zamanında kosmopolit hesab etdiyimiz insanlar belə bu gün türk kimliyi ilə fəxr edir. Eləcə də digər xalqların nümayəndələri müstəqil Azərbaycan dövlətinin hamıya bəxş etdiyi bərabər inkişaf imkanlarından yararlanaraq, adət-ənənlərini, milli dəyərlərini inkişaf etdirir.

Məsələn, mən Şuşada prezidentlərin əl-ələ tutduğu şəkilə baxdım. Arxa fonda at, onun arxasında Şuşa, görünən Xankəndi. Şəkil başdan ayağa simvoldur, rəmzdir.

Bir şəkil bugünkü Azərbaycanı,Türk dünyasını və onun gələcəyini göstərir. Nə qədər türkü sıxmaq parçalamaq istədilər. Bir-biri ilə danışmağa, musiqisini dinləməyə qoymadılar. Amma nə oldu. Bu gün o əllər bütün maneələrə rəğmən yenə də birləşdi.

- İstərdim bir qədər SSRİ-nin dağıldığı dövrə qayıdaq. Heydər Əliyevin hakimiyyətə gəlməsini başından bəri dəstəkləyən insanlardan biri də siz olmusunuz. Hədələrlə qarşılaşırdınızmı?

- Mən həmişə düşündüyünü söyləyən insan olmuşam. Heydər Əliyevin hakimiyyətə gəlməsi ərəfəsində Azərbaycanda vəziyyət necə idi? İnsanlar keçmişə aid ən sadə bir elementlə belə küçəyə çıxa bilmirdi. Veternalar, hətta çoxuşaqlı analar belə medallarını gizlədirdilər. Belə bir dövrü keçmişik. Həmin dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsini vurğulamaq asan deyildi. Amma öz xalqını, dövlətini, itirdiklərini dəyərləndirən insan üçün mümkün idi. Amma buna rəğmən ilk başdan bir çoxları bunu etməkdən cəkinirdi. Müxtəlif səbəblər var idi, ona toxunmaq istəmirəm.

Amma bir gənc qız olaraq müəyyən hədələrlə rastlaşırdım. Dəfələrlə xəbərdarlıq olunurdu: "Heydər Əliyev artıq keçmişdir. Onu bu günə gətirmək cəhdi boş işdir. Kim də cəhd göstərəcəksə cavabını alacaq”.



Bütün bunlar bizi əsla bu fikirdən bir an da olsun daşındıra bilməzdi.

Çünki əgər mən sənin haqqını tanıyıramsa sən də mənim haqqıma hörmətlə yanaşmalısan. Sən Xalq Cəbhəsinin üzvü kimi özünü ifadə edirsənsə, mən də Azərbaycanın gələcəyinin Heydər Əliyevə bağlı olduğuna sidq-ürəklə inanıram. Mən belə düşünürəm. Heydər Əliyev hakimiyyətə gəlməlidir. O, mütləq gələcək və sizi də xilas edəcək.

- Tələbəlik illəriniz sovet dövrünə düşüb. Həmin dövrdə türkçülüklə bağlı fikirləriniz necə qarşılanırdı?

- Mənə görə hər birimiz türklüyü də, islama bağlılığı da, milli dəyərlərimizi də yaşadığı cəmiyyətin kriteriyalarına uyğunlaşdıraraq ötürməyi bacarmalıyıq. Təəccüblü də olsa o dövrdə bununla bağlı fikirlərimə qarşı aqressiya görməmişəm. Xatırlayıram, universitetdə oxuyanda ən cox sevdiyim türkologiya fənnini bizə cox hörmətli Şaməddin müəllim tədris edirdi. O şərqdən qərbə olan türk axınlarını, o tarixi köçü, ümumiyyətlə bizim kimliyimizi,o dövrün şərtlərinə rəğmən cox gözəl mənimsədirdi.

Onun dərsini dinləyib də özününküləşdirməmək mümkünsüz idi. Əlbəttə biz fərqli ictimai-siyasi şərtlər altında formalaşan bir mühitdə böyüyən nəsil idik. Adət-ənənlərimiz belə məhəlli xarakterli olub məhdud çərçivədə həyata keçirilirdi. Yalnız universitet dönəmində bəzi müəllimlərin təlqini ilə yarı açıq qapıdan boylanırdıq ora. Ora boylanaraq da birdən-birə özünü fərqli biçimdə təqdim etmək sadəcə diqqətləri öz üzərinə çəkmək cəhdi idi. İndiki sosial şəbəkə “qəhrəmanları” kimi. Mən heç vaxt o qəhrəmanlardan olmamışam. Hər şeyi addım-addım, dərk edərək qəbul etməklə ötürməyin doğru olduğuna inananmışam. Xatırlayıram 1 nömrəli Tikiş Fabrikində komsomol katibi işləyəndə Bakı Dövlət Universitetində keçirilən ilk Novruz şənliyinə mən də dəvət almışdım. O tədbiri keçirtməyə bizə imkan vermədilər. Tədbir dağıldı. Həmin günün axşamı Tikiş Fabrikində bir qisim iştirakçı ilə biz o şənliyi keçirtdik. İnqilabçı deyildim. Nə istədiyimi bilirdim onu da imkanlar çərçivəsində etməyə çalışırdım və bu məndə alınırdı.

- Heydər Əliyevin hakimiyyətə gəlməsini dəstəkləyərkən bu günlə bağlı bir umacağınız olub?

- Xeyr, bu sadəcə mənim şəxsi mövqeyim idi. Düşünmürdüm ki, mənim iştirakım bu proseslərə hansısa nəzərə çarpan bir töhfə verə bilər. Sadəcə istəyirdim, Heydər Əliyev hakimiyyətə gəlsin və Azərbaycan düşdüyü bu xaosdan xilas olsun. Bir çoxları kimi mən də ağlıma gətirə bilməzdim ki, onun hakimiyyətə gəlişi ilə yanaşı biz də hansısa mövqe tutacağıq. Bu bizim düşüncəmizdə belə olmayıb. Biz yalnız bir şey düşünürdük: Heydər Əliyev hakimiyyətə gələcək, ondan sonra nə lazımdırsa özü edəcək.

- İşğaldan sonra Qarabağa səfər etdiniz. Füzulini görəndə hansı hisslər keçirtdiniz?

- Şuşaya gedəndə şəhərin yanından keçdim, qayıdanda isə mərkəzindən. Amma yan ilə mərkəzin heç bir fərqi yox idi. Füzuli işğaldan azad olunanda mənə elə gəlirdi bütün problemlərim, kədərim, qüssəm, itki ağrısı hamısı uçub dağılacaq. Elə bilirdim yalnız sevinc hissi duyacam. Amma qürur, sevinc hissi ilə yanaşı başqa bir kədərim başladı.

Və düşünürəm ki, gördüyüm o mənzərənin yaratdığı kədər ömrümün sonuna kimi məni müşaiyət edəcək.

Uşaqlıq və gənclik dönəmimdə Füzuli mənim üçün dünyanın mərkəzi idi. Gözümü açıb oranı görmüşəm. Yaxınlarım, doğmalarım, ilk tanıdığım insanlar hər biri yaddaşıma həkk olunub. Harda oluramsa olum mənim daxilimdəki Füzuli mənimlə olacaq. Baxmayaraq indi yaddaşımdakı Füzuli yoxdur. O mənzərəni mən heç zaman tapmayacam. O qonşuluq, məni məktəbimə aparan o cığır, o yol heç zaman olmayacaq. Kədərli olan da budur. Təbii ki, indi orda və digər işğaldan azad olunan ərazilərdə yeni, gözəl şəhərlər qurulacaq. O smart, müasir olacaq. Dünyanın heç yerində olmayan imkanları özündə əks etdirəcək. Bu çox gözəldir. Azərbaycanda başqa şəhərlərin hər birinin keçmişi və gələcəyi var. Amma bizdə ancaq gələcəyin şəhəri olacaq. Axı mən keçmişdən gəlmişəm... Orada isə o keçmişi xatırladan cox az şeylər olacaq. Bu yüz ildən artıq yaşamış insanın tək qalmasına bənzəyir. Sağa baxırsan dostun, tanışın yoxdur. Sola baxırsan valideynlərin yoxdur. İrəliyə baxırsan hətta övlad yoxdur. Mənim üçün belə yaşamaq həm də kədərlidir. Ümidim ona qalır ki, o xatirələrin üstünə toz qonmağa imkan verməyim. Ancaq buna gücüm çatacaq. Dünənki Qarabağla bugünkü Qarabağ arasındakı tarixi bağlılıq mənəvi körpü səviyyəsindədir. Getdiyin yollar sənə heç nə demir. Bilmirsən bu yoldur, yoxsa cığır. Şəhərin kənarıdır, yoxsa ortasıdır...

- Füzuliyə girəndə keçmişinizlə bağlı ilk hansı xatirəniz yadınıza düşdü?

- Füzuliyə girməmişdən qabaq uzaqdan Məngələnata yüksəkliyini gördüm. O, məni uşaqlığıma apardı. Avtobusla biz o yerlərdən keçəndə öz oyuncağını tapan uşaq kimi içimdə bir həyəcan baş qaldırdı. Həmin an mən uşaq oldum sanki. Bir anlıq hətta özümə kənardan baxdım və gördüm ki, özümü çox həyəcanlı heç zaman olmadığım kimi emosianal aparıram.



Yadıma gəlir, o təpəyə çıxmaq çox çətin idi. Uşaq vaxtı hər il Novruz bayramı ərəfəsində biz anama yalvarırdıq ki, bizi buraxsın məhəllənin uşaqları ilə birlikdə ora gedək. Mənim Məngələnata sevgim nədən qaynaqlanırdı hələ də mənə məlum deyil. Amma qarşıma məqsəd qoymuşdum mütləq gedib oradan bənövşə, quzuqulağı dərməliyəm. Əlbəttə, anam bizi buraxmırdı. Amma bir neçə dəfə gözdən oğurlanıb ora getmişik və hər dəfə də cəzalandırılmışdıq.

- Cəzanız nə olurdu?

- Gecə yarıya qədər həyətdə oturmaq cəzası verilirdi. Özü də mən qaranlıqdan qorxurdum. Bu o vaxt mənim üçün ağır bir cəza olsa da, ən işıqlı xatirə kimi qəlbimi isidirdi o anda.

- Sizi ora sırf uzaq olduğu üçün buraxmırdılar, yoxsa başqa səbəb var idi?

- O təpənin zirvəsində qədim Alban məbədi var idi. Füzuli ətrafında yaşayan ermənilər ora tez-tez gedirdilər. Oranın uçuqları arasənda onların izlərini görmək mümükün idi. Ona görə də bizi ora buraxmaq istəmirdilər.

Təpənin bir tərəfində sirli bir yarğan var. Məndə həmin məbədin qalıqları üstünə qalxıb o yarğana baxmaq həvəsi var idi.

- Bahar xanım siyasətçi olmasaydı kim olardı?

- Siyasətçi olmasaydım yaradıcı şəxs olardım, bəlkə də yazıçı olardım. Hələ indi də bəzi məqamlarda mənə elə gəlir hər şeyi bir kənara qoyub bu işlə məşğul ola bilərəm. İçimdəki yazmaq həvəsi bəzən o qədər çox olur ki, zorla məhdudlaşdırıram (gülür).

- Adətən siyasi meydandan çəkilən məmurlar kitab yazmağa başlayırlar. Sizin nə vaxtsa belə bir cəhdinizin olma ehtimalı varmı?

- Mən siyasətin deyil, həyatın yaşatdıqlarını bəlkə də siyasi rakursdan dəyərləndirərdim. Əlbəttə ki, böyük siyasətçilərin siyasi proseslər haqqında kitab yazmasının, həm tarix, həm ədəbiyyat üçün çox böyük əhəmiyyəti var.

- Siyasətin ədəbiyyat üzərində təsirlərini necə ifadə edərdiniz?

- Birmənalı olaraq güclüdür. Güclü də olmalıdır. Ədəbiyyat adamı zamanını, onun uğur və cətinliklərini, insan həyatını,onun istək və arzularını ədəbi rakursdan görən, ifadə edən, insanların arzu və istəklərini öz əlavələri ilə yazıya köçürən şəxsdir. Bunun özü də elə bir siyasətdir.

- Orhan Pamuk romanlarından birinin ilk səhifəsində belə bir cümlə yazıb. “Bir gün bir kitab oxudum həyatım dəyişdi”. Sizin həyatınızı dəyişən kitab olubmu?

- Bəzən bir ifadənin düşüncələrimi dəyişdirməsi halları olub. Mənə elə gəlir hər bir kitab özü ən azı bir söz demək üçündür. Bəzən bir ifadə sənə bir kitab qədər təsir edir.

- Hansı janrda əsərlər oxumağı sevirsiniz?

- Uşaqlıqda daha çox lirik-psxoloji janr məni cəlb edirdi. Fantastik və detektiv janra elə də marağım olmayıb. Bir sözlə həyat və insan talelərinə, tarix, etnoqrafiya və mədəniyyət mövzularına, daha sonra isə ictimai-siyasi mövzularda əsərlərə üstünlük vermişəm.

- Ruhunuza yaxın bir yazıçının adını çəkə bilərsiniz?

- Ruhuma yaxın yazıçım İlyas Əfəndiyevdir.

- Hazırda kimləri oxuyursunuz?

- Sizə desəm ki, indi gecə-gündüz bədii ədəbiyyat oxuyuram yalnış olar. Daha çox siyasi mövzuda analitik yazılar oxuyuram. Bir də Rəşad Məcid ona bir ad qoyub “Qələmsiz yazılanlar”ı və 90-ların, 2000-ci illəri gənc yazarlarını (indi artıq onlar xeyli yaşlanıblar) imkan düşdükcə oxuyuram.

- Masanızın üstündə yarımçıq qalan kitablar varmı?

- Hazırda masamın üzərində yarımçıq qalan kitablar azdır. Boynuma almalıyam az oxuyuram. Bir də artıq siyasi proseslərlə ədəbi proseslər arasındakı kriteriyalar itib. Ədəbiyyatçılar siyasətçi yerində, siyasətçilər ədəbiyyatçı yerində görünür. Bunlar məni ədəbiyyatdan bir qədər uzaqlaşdırır.

- Ədəbiyyat və mədəniyyət adamlarının siyasətdə olmasına necə baxırsınız?

- Düşünürəm ki, siyasi proseslərin içərisində olmaq sənət və ədəbiyyat adamlarının vaxtını və sərbəstliyini əlindən alır. Çərçivələr yaradır onlar üçün. Yazıçı kimi zamanında deyə biləcəyi sözü deyə bilmir. Çünki siyasi kimliyi ona məhdudiyyət yaradır. Əgər çərçivələrə əməl etməsələr mütləq bir siyasi yanlışa yol verəcəklər. Bəziləri sadəcə o mühitdədir, amma özünü siyasədə hiss etmir, elə yenə ədəbiyyatdadır. Yaxud da əksinə. Mən qətiyyətlə deyə bilmərəm siyasətçi öz işi ilə məşğul olmalıdır, ədəbiyyatçı da öz işi ilə. Sərhədlər qarışdığı üçün yerlər də dəyişik düşə bilər. Amma gərək elə edəsən ədəbi kimliyin ilə siyasi kimliyin ziddiyyət təşkil etməsin.

- Necə musiqilər dinləməyi sevirsiniz?

- Fərqli, əhval-ruhiyyəmə uyğun, yaxşı ifaları dinləyirəm. Amma bir insanın konsertində iki saat otura bilmirəm. Çox az sənətçi olub ki, onun konsertinə bilet alıb gedib izləmişəm. Daha çox qarışıq konsertlərə getməyə üstünlük verirəm. Eyni səsi dinləmək yeknəsəklik yaradır deyə düşünürəm.

- Sonuncu dəfə konsertə nə vaxt getmisiniz?

- Pandemiyadan əvvəl olub. Xatırlamıram.

- Qarabağlısınız səsinizdə məlahət olmamış olmaz. Özünüz zümzümə edirsiniz evdə?

- Yox dinləyirəm ancaq. Bəlkə ürəyimdə ola bilər. Açıq səslə olmayıb(gülür)



- İllərdir gərgin iş mühitindəsiniz. Amma hər zaman formadasınız. Özünüzə xüsusi qulluq formulunuz varmı?

- Deyim ki, gecə-gündüz özümlə məşğulam, doğru olmaz. Sadəcə özümü hər zaman iş rejimində saxlayıram. Özümə bu tempdən düşməyə imkan vermirəm. Bir də ən əsası kin- küdurətdən uzağam. Düşdüyüm çətinlikdən dərhal çıxmağa çalışıram. Düşünürəm bəlkə də səbəb budur. Günəşə sevin, yaşıllığa sevin, başqalarının uğuruna sevin. Kimsə gözəl görünürsə ona, gözəlsən deməkdə xəsislik etmə. Səmimi düşüncəni ifadə et. Bu resept deyil sadəcə olaraq mənim həyat tərzimdir.

- Necə ev xanımısınız?

- Bunu əminliklə deyə bilərəm ki, çox yaxşı ev xanımıyam. Hər gün işdə olduğum üçün yemək bişirə bilməsəm də əlamətdar günlərdə biş-düş işinə özüm baxıram. Bayramda bütün şirniyyatları özüm bişirirəm. Çünki ailə üzvlərim mənim bişirdiyim şirniyyatlardan başqa heç kimin bişirdiyini yemir. Mürəbbələrimi özüm hazırlayıram. Hətta bu gün evə gedib moruq mürəbbəsi bişirəcəm (gülür).

- Həm qadın, həm siyasətçi olaraq qadınlarımıza tövsiyəniz...

- Özlərinə inansınlar. Özlərini tanısınlar. Nə istədiklərini, necə yaşamalı olduqlarını dəqiq müəyyən etsinlər. Bu vacibdir. Biz qadınların əksəriyyəti təmiz, maneəsiz yollarla getməyə üstünlük veririk. İstəyirik kimsə bizim yolumuzu daşdan- kəsəkdən təmizləsin sonra biz gedək. Mən öz yolumu nə qədər çətin olur olsun getməli olduğuma inanmışam. O yolda mənim qarşıma nə çıxacaq planlaşdıra bilmərəm və heç buna çalışmamışam da. Əgər onu maneələrdən təmizləyib getməliydimsə onu da etmişəm. Əlbəttə yolumun üstünə çıxan, yol göstərən, dəstək olan insanlar cox olub. Mən bu gün də onlara minnətdaram. İnsan ona yaxşılığı dəyən insanları tək özü üçün deyil, həm də başqaları üçün yadda saxlamalıdır. Gənclərə qayğı göstərmək, öz tribunanı onlara vermək, yeri gələndə mənəvi dəstək olmaq insana xüsusi zövq verir. Kiminsə həyatında hasısa rolumun olduğunu bilmək mənəvi xoşbəxtlik hissi yaşadır mənə. Konkret şəxslərə etdiyim yaxşılıqları yadda saxlamıram. Əhəmiyyətli olan sənin xatirəndə, yaddaşında heç kimə pislik etmədiyin və belə niyyətdə olmadığındır. Bu özü sənə rahat yaşamaq imkanı verir.

Günel Musa
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər