11 iyun 2026-cı ildə Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) Bakıda keçirilən və beynəlxalq səviyyədə tanınan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib.
Bakupost.az xəbər verir ki, forum dövlət qurumlarının nümayəndələrini, qabaqcıl biznes ictimaiyyətini və müvafiq sahələr üzrə ekspertləri bir araya gətirərək, elm və innovasiyanın iqtisadiyyatın və müxtəlif sənaye sahələrinin gələcəyinin formalaşdırılmasındakı roluna dair müzakirələr üçün platforma yaradıb.
“Technovation by PMI” innovasiya, elm və tənzimləmə məsələləri ətrafında dialoqu təşviq edən beynəlxalq forumlar silsiləsinin tərkib hissəsidir. Müzakirələr zamanı vurğulanıb ki, elmi araşdırmalarla dəstəklənən texnoloji tərəqqi iqtisadiyyatın və biznes modellərinin transformasiyasına töhfə verməklə yanaşı, ictimai maraqların təmin edilməsində də mühüm rol oynaya bilər. İştirakçılar, həmçinin innovasiyaların təşviqi, yeni texnologiyaların potensial üstünlüklərinin reallaşdırılması və əlverişli innovasiya ekosisteminin formalaşdırılması baxımından aydın və proqnozlaşdırıla bilən tənzimləmə mühitinin, eləcə də sübuta əsaslanan siyasət yanaşmalarının əhəmiyyətini müzakirə ediblər.
Tədbir “AmCham Azərbaycan”ın prezidenti Dəyanət Sadullayevin açılış nitqi ilə başlayıb. O, innovasiyaya əsaslanan inkişafın təşviqi məqsədilə dövlət qurumları, biznes ictimaiyyəti və beynəlxalq tərəfdaşlar arasında konstruktiv dialoq və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Forum iştirakçılarını salamlayan Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov, Azərbaycanın iqtisadi inkişaf prioritetləri və uzunmüddətli rifahın təmin edilməsində qeyri-neft-qaz sektorunun artan rolu barədə fikirlərini bölüşüb.
Daha sonra “PMI” şirkətinin MDB regionu üzrə xarici əlaqələr direktoru Aleksey Kim çıxış edərək innovasiyaları təşviq edən, dövlət-özəl sektor tərəfdaşlığını gücləndirən və cəmiyyət üçün fayda yaradan tənzimləmə və vergi siyasətinin vacibliyini qeyd edib.
Forum çərçivəsində keçirilən “Qeyri-neft-qaz sektorunun təşviqi və inkişafı yolu ilə iqtisadi diversifikasiya” mövzusunda ilk panel sessiyasında Azərbaycanın iqtisadi transformasiyasını dəstəkləyən imkanlar və siyasət prioritetləri müzakirə olunub. Paneldə Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov çıxış ediblər. Sessiyanın moderatoru “AmCham Azərbaycan”ın İnnovasiyalar və Rəqəmsal İqtisadiyyat Komitəsinin sədr müavini, “PASHA Financial Holding” şirkətinin innovasiyalar üzrə rəhbəri Tuğra Musayeva olub.
Müzakirələr ikinci panel sessiyasında “Zərərin azaldılması və dayanıqlı inkişaf istiqamətində korporativ transformasiya” mövzusu ilə davam edib. Bu sessiyada şirkətlərin dəyişən bazar tələblərinə uyğunlaşmaq, dayanıqlılığı artırmaq və uzunmüddətli dəyər yaratmaq məqsədilə innovasiya, texnologiya və elmi nailiyyətlərdən necə istifadə etdikləri müzakirə olunub. Paneldə “Acwa” şirkətinin icraçı-idarəedici direktoru Uyqar Durgunay, bp şirkətinin transformasiya və texnologiyalar üzrə meneceri xanım Marianna Kərimova və “PMI” şirkətinin elmi fəaliyyətlər üzrə direktoru Tomoko İida çıxış ediblər. Sessiyanın moderatoru “PMI” şirkətinin nümayəndəsi Oleksii Kalynichenko olub.
“Technovation” elmə əsaslanan innovasiyalara və açıq dialoqa sadiqliyimizi əks etdirir. Sübuta əsaslanan tənzimləmə bu prosesdə mühüm rol oynayır, innovasiyaların inkişafı və daha yaxşı alternativlərə çıxış üçün şəffaf və proqnozlaşdırıla bilən fəaliyyət mühiti yaradır”, – deyə “PMI” şirkətinin Qafqaz regionu üzrə idarəedici direktoru Yuri Qordok bildirib.
Tədbir “AmCham Azərbaycan”ın icraçı direktoru Zaur Kərimovun yekun nitqi ilə başa çatıb. O, bu kimi təşəbbüslərin Azərbaycanın innovasiya və gələcəyə yönəlmiş dialoq üçün mühüm platforma kimi mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Z.Kərimov, həmçinin tədbirin uğurla keçirilməsinə verdikləri töhfəyə görə bütün spikerlərə, iştirakçılara, dövlət qurumlarının nümayəndələrinə və “PMI” şirkətinə təşəkkürünü bildirib. O vurğulayıb ki, tədbirin uğuru innovasiyaların təşviqi, bilik mübadiləsinin genişləndirilməsi və Azərbaycanın dayanıqlı iqtisadi inkişafına dəstək göstərilməsi istiqamətində ortaq öhdəliyin göstəricisidir.
150-dən çox iştirakçının, o cümlədən yüksəksəviyyəli biznes ictimaiyyəti, dövlət qurumlarının nümayəndələri, digər aidiyyəti tərəflər, eləcə də yerli və beynəlxalq media nümayəndələrinin qatıldığı tədbir mövzunun aktuallığını və əhəmiyyətini bir daha nümayiş etdirib. Qeyd edək ki, 2026-cı ildə “Technovation” forumu artıq ABŞ və İsveçdə də uğurla təşkil olunub.
Qeyd edək ki, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.
Aygün Musayeva