Bakıda özəl klinikaların birində və xarici şirkətə məxsus gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanovdan təxminən 37 gündür xəbər yoxdur.
BakuPost.az xəbər verir ki, bu barədə Baku.TV-yə onun valideynləri məlumat veriblər. Bildiriblər ki, övladlarından sentyabrın 27-dən bəri məlumat ala bilmirlər.
Anası Aygün Sultanovanın sözlərinə görə, oğlu iyulun sonu işə gedib və avqustun axırı geri dönməli idi: “Bir ay işdə, bir ay evdə olurdu. Zəng etdi ki, əvəzedici həkimi başqa yerə göndərirlər və onun yerinə də işə çıxıb. Ona görə də sentyabrda gələcək. Avqustun 17-si gəmi heyəti onun ad gününü – 33 yaşını qeyd eləmişdi. Hər şey normal idi. Sentyabrda danışanda dedi ki, yəqin ki, oktyabrda gələcəyəm, bir də uzadıldı. Sentyabrın 27-si klinikadan zəng elədilər ki, belə bir hadisə baş verib, Tural dənizə düşüb...”
O qeyd edib ki, oğlu ilk dəfə idi bu qədər uzun müddət dənizdə qalırdı: “Əslində kimisə dənizdə 45 gündən artıq saxlamağa ixtiyarları yoxdur. Mən günahı həm klinika, həm şirkətdə görürəm ki, uşağımı bu qədər orada saxlayıblar. Uşağımın axtarışında heç bir nəticə yoxdur. Əvvəlki günlər, yəqin ki, axtarıblar, amma sonradan heç bir axtarış aparılmayıb.
İstəyirik ki, qaranlıq məqamların üstü açılsın. O özünə qıyan adam deyildi. Ev almışdı, mətbəx mebeli yığdırırdı, behini də vermişdi. Gələndə öz evinə girəcəkdi, heç öz evinə girmədi...”
Atası Hüseynağa Sultanov isə bildirib ki, övladları ilə bağlı gəmi heyəti və klinika təzadlı məlumatlar verir: “Gəminin kapitanı ilə danışmışam, deyib ki, oktyabrın 26-sı klinika ilə nəsə söhbəti olub, sonra bu hadisə baş verib. İndiki dövrdə nə olan qurğudur ki, telefonun parolunu sındıra bilmirlər?! Tural 6 ildir işləyir, adamları tanıyır. Klinikanın direktoru isə deyir ki, 72 saat ərzində axtarış aparılır, sonra dayandırılır. Biz şirkətə gedib görüşdük, dediklərinə görə, helikopter, kiçik qayıqlarla axtarış aparılıb.
Bu, böyük klinikanın müqaviləsi əsasında işləyən böyük gəmidir. 62 metr uzunluğu var. Dərd orasındadır ki, bu, xilasetmə gəmisidir. Necə olur ki, xilasetmə gəmisindən bunların gözü qarşısında dənizə düşür, çıxara bilmirlər?.. Biz valideyn olaraq neyləməliyik?
Bunların dediklərinə görə, Turalın hərəkətlərində nəsə dəyişiklik olub, hadisə baş verib. Lap tutaq ki, intihar edib. Təsəvvür edin, adam ayaqqabısını çıxarır, telefonunu qoyur ora, tullanır. Elə olur məgər?”
Valideynlər həmçinin bildirirlər ki, gəminin içərisindəki kamera görüntüləri onlara verilmir.