Dünyanın aerokosmik və müdafiə sənayesi üzrə ən böyük sərgilərindən biri olan 19-cu “Dubai Airshow”un (17–21) son günündə dəhşətli qəza baş verib.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan istehsalı olan “Tejas” qırıcısı yerli vaxtla saat 14:10 radələrində Al Maktoum Beynəlxalq Hava Limanının yaxınlığında qəzaya uğrayıb.
“The Associated Press”in məlumatına görə, qəza yerindən qalxan qalın qara tüstü sərgi ərazisində ciddi narahatlıq yaradıb. Hadisədən dərhal sonra təhlükəsizlik və xilasedici qruplar əraziyə cəlb olunub. Sosial şəbəkələrdə yayılan görüntülərdə qırıcının səmaya qalxmasından qısa müddət sonra idarəetməni itirdiyi və yerə çırpıldığı görünür.
Hadisədən sonra sosial mediada “Tejas Mk1” təyyarəsində uçuş öncəsi “yağ sızması” olduğu barədə iddialar geniş yayılıb. Hindistan hökuməti bu məlumatı rəsmən təkzib edib. Hindistanın Mətbuat İnformasiya Bürosu (PIB Fact Check) bildirib ki, videolardakı görüntülər heç bir texniki nasazlığı əks etdirmir – bu, kondensləşmiş suyun təyyarənin ekoloji və oksigen sistemlərindən (ECS və OBOGS) təbii şəkildə boşalmasıdır.
Hindistanın “Hindustan Aeronautics Limited” şirkətinin istehsalı olan yüngül çoxməqsədli “Tejas” qırıcısı ölkənin müdafiə sənayesində son illərin mühüm layihəsi hesab olunur. Təyyarə həm Hindistan Hərbi Hava Qüvvələrinə, həm də potensial ixrac bazarına təqdim edilir.
BBC-nin Hindistan bölməsinin məlumatına görə, qəza zamanı pilot həlak olub.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Cavid, BakuPost