Ru
13:54 / 29 Aprel 2026

Dünya çörək imtahanı ilə üz-üzə: Buğda istehsalını necə artıraq?

Dünya çörək imtahanı ilə üz-üzə: Buğda istehsalını necə artıraq?
Eye

Yaxın Şərqdə cərəyan edən proseslər dünya taxıl istehsalına da ciddi zərbə vurur.

Bakıpost.az “Al Monitor” nəşrinə istinadən xəbər verir ki, İrandakı hərbi münaqişə kimyəvi gübrələrin qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub. Nəticədə 2027-ci il üzrə taxıl məhsulu istehsalı təhlükə altına alınıb.

Bildirilir ki, müharibə Yaxın Şərqdəki əsas logistika marşrutlarını iflic etdi və gübrə bazarında son dörd ildə ikinci qiymət şokuna səbəb oldu. Qlobal taxıl qiymətlərinin aşağı olması ilə fermerlər artan xərcləri ödəyə bilmirlər. Beləliklə də əkin xərcləri bir çox təsərrüfat üçün əlçatmaz hala gəlir.

Fermerlər əkin sahələrini və gübrə tətbiq nisbətlərini azaltmalı olurlar. Bu isə, öz növbəsində məhsuldarlığın kəskin şəkildə aşağı düşməsi və qlobal ərzaq bazarının qeyri-sabitləşməsinə gətirib çıxara bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, logistika yaxın aylarda bərpa olunmazsa, dünya yeni bir qida inflyasiyası ilə üzləşəcək.
Dünya Bankının proqnozlarına görə, 2026-cı ildə bir ton buğdanın qiyməti 253, 2027-ci ildə isə 260 dollar olacaq. 2025-ci ildə 1 ton buğdanın qiyməti 243 dollar olub.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Bakupost.az-a bildirib ki, yem kimi istifadə edilən karbomidin qiymətinin 70 faizə qədər bahalaşması taxılın qiymətinin də artmasına səbəb olur:

“Bəzi bitkiçilik məhsulları, buğdanın qiymətində son günlər ciddi artımlar müşahidə edilir. Körfəz ətrafında baş verən hadisə fonunda dünya bazarında taxılçılıqda yem kimi istifadə edilən karbomidin qiyməti 60-70 faiz bahalaşıb. Karbomidin vaxtlı-vaxtında verilməməsi istər-istəməz məhsuldarlığı aşağı salır. Neftin bahalaşması da öz növbəsində fermerlərin istehsal xərclərini artırıb. Həmçinin, bir sıra ölkələri quraqlıq bürüyüb. Hətta ABŞ-nin özündə belə cari ildə buğda istehsalının azalacağı gözlənilir. Bütün bunlar isə dünya miqyasında buğdanın bahalaşmasına gətirib çıxaran amillərdir. Buğdanın bir tonunun qiyməti 228 dollara qalxıb. Halbuki əvvəl 200 dollar idi”.

Ekspert qeyd edir ki, taxıl istehsalı sahəsində mövcud durum Azərbaycana da mənfi təsir göstərəcək:

“Azərbaycan ərzaq buğdasına olan tələbatının yalnız 20 faizini öz imkanları hesabına ödəyir. İl ərzində 1,7 milyon ton ərzaqlıq buğda istehlak edirik. Onun yalnız 130 min tonu daxildə istehsal edilən ərzaqlıq buğdadır. 1,3-1,4 milyon ton buğda idxal edirik. Belədə Azərbaycan üçün ciddi problem yaranacaq. Qazaxıstandan əvvəlki ilə nisbətən bu il daha az buğda alınacaq. Çünki keçən il onların istehsal etdiyi məhsulun bir hissəsi anbarlarda qalaraq xarab olub. Rusiyada isə əkin sahələri azalır”.

Ekspertin sözlərinə görə, Azərbaycanın torpaq-iqlim şəraiti buğda əkini üçün münbitdir:

“Ona görə də çalışmalıyıq ki, ərzaq buğdasına olan tələbatımızı yerli istehsal hesabına təmin edə bilək. Resurs imkanlarımız da böyükdür. Subsidiyyalar da yalnız taxılçılığın, xüsusən də buğda istehsalının artımına yönəldilməlidir. Bütün bunlar Azərbaycana taxıl üzrə məhsuldarlığı indikindən 2,5 dəfə artırmağa imkan verəcək. Belə olarsa, özümüzü tam təmin edəcək həcmdə buğda istehsal edə bilərik”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar