Rusiya Hərbi Hava Qüvvələrinə məxsus strateji Tu-160 bombardmançı təyyarəsi Norveç sərhədi yaxınlığında yerləşən Barents dənizi üzərində 16 saat davam edən sınaq uçuşu həyata keçirib.
Bakupost.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, uçuş neytral hava məkanında baş tutub və havada yanacaq doldurma əməliyyatı da daxil olmaqla uzunmüddətli test xarakteri daşıyıb. Təyyarə uçuş zamanı MiQ-31 qırıcıları tərəfindən müşayiət olunub.
Açıqlamada həmçinin bəzi mərhələlərdə xarici təyyarələrin də müşahidə uçuşları həyata keçirdiyi bildirilsə də, onların hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.
Tu-160, “Ağ Qu” adı ilə tanınır və dünyanın ən böyük, ən ağır və səsdən sürətli strateji bombardmançı təyyarələrindən biri hesab olunur. Bu uçuş NATO üzvü Norveç sərhədi yaxınlığında baş verdiyi üçün regionda diqqətlə izlənilib.
Bahar Babaşova, BakuPost