Əfqanıstanda baş verən güclü zəlzələlərdən sonra xilasedicilər hələ də bir neçə rayonda dağıntılar altında qalan zərərçəkənlərə çatmaqda çətinlik çəkirlər.
Bakupost.az xəbər verir ki, bu barədə sentyabrın 6-da Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Əfqanıstandakı nümayəndə heyətinin rəhbəri Coy Sinqhal "RIA Novosti"yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sonrakı təkanlar çox sayda torpaq sürüşməsinə və yolların daha da dağılmasına səbəb olub.
"Bu isə yardım və həyati vacib materialların zərərçəkənlərə çatdırılmasında, həmçinin tibbi yardıma ehtiyacı olanlara vaxtında çatmaqda ciddi gecikmələr yaradır", - deyə o bildirib.
Sinqhal qeyd edib ki, zəlzələdən əvvəl də bəzi vilayətlərin sakinləri tibb müəssisələrinə getmək üçün 4-5 saatlıq yol qət etməli olurdular.
"Dağlıq relyef və dağıntılar altında qalan insanlara çatmaq imkanlarımızı son dərəcə çətinləşdirir. Bu da daha çox insanı xilas edə bilməməyimizin əsas səbəbidir. İnsanlar əməliyyatların mürəkkəb şərtləri üzündən həyatları üçün böyük risklə üz-üzədirlər", - deyə o əlavə edib.
Onun sözlərinə görə, belə şəraitdə dağıntılar altında qalanların təxliyəsi üçün avtomobil texnikasından istifadə etmək də mümkün deyil.
Yeri gəlmişkən, "The New York Times" yazır ki, Əfqanıstanda xilasedicilər yalnız kişilərə kömək edirlər. Qadın yaralılar isə dağıntılar altında başqa qadınlar və ya kişi qohumları onlara kömək edənə qədər gözləməli olurlar. Buna səbəb "Taliban"ın eyni ailəyə aid olmayan qadınlarla kişilər arasında fiziki təması qadağan etməsidir.
Xatırladaq ki, sentyabrın 1-də gecə Əfqanıstanın şərq və mərkəzi vilayətlərində 6.0 maqnitudalı zəlzələ baş verib. Ardınca 4.3-6.2 maqnitudalı beş afterşok qeydə alınıb. Sentyabrın 4-də isə Cəlalabad şəhəri yaxınlığında 4.7 maqnitudalı təkan baş verib.
Son rəsmi məlumata görə, zəlzələlər nəticəsində ölənlərin sayı 2 205-ə çatıb, 3 640 nəfər isə xəsarət alıb.