Azərbaycanın siyasi və iqtisadi gündəmində Baş nazir Əli Əsədovun biznes imperiyası ilə bağlı yayılan məlumatlar və ölkədəki mövcud iqtisadi durum fonunda bu ifşaların pərdəarxası məqamları ciddi müzakirə mövzusuna çevrilib. Məsuliyyət ünvanının müəyyənləşdirilməsi və hakimiyyət daxili qrupların maraqları bu prosesin əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir.
Bakupost.az xəbər verir ki, bu barədə Musavat TV-nin canlı efirində ReAL Partiyasının sədri Natiq Cəfərli danışıb.
O qeyd edib ki, Azərbaycanda korrupsiya sahəsi kifayət qədər “şəffafdır” və paytaxtın müəyyən ərazilərindəki obyektlərin kimə məxsus olduğunu sıravi vətəndaşlar belə yaxşı bilirlər:
“Mən bir daha təkrar edim: Azərbaycanda ən şəffaf sahə korrupsiyadır. Hamı hər şeyi bilir. Məsələn, o Bayıldakı restoranlar... Mən özüm o tərəfdə yaşayıram, inandırım sizi taksi sürücüləri belə adıyla bilir — “Əli müəllimin restoranı” deyirlər. Tam ciddi deyirəm. Ona görə belə bir siyahının olması bizi təəccübləndirmədi, amma çıxması təəccübləndirdi”.
Onun sözlərinə görə, bu siyahının indi ortaya çıxmasının kökündə ölkədəki pisləşən iqtisadi göstəricilər və resessiya təhlükəsi dayanır:
“Azərbaycanda çox ciddi iqtisadi böhran elementləri var. Makroiqtisadi göstəricilər bərbaddır, resessiyaya daxil olmaq üzrəyik. İndi bunun bir günahkarı lazımdır axı. Baş nazir sosial-iqtisadi məsələlərlə məşğul olan Nazirlər Kabinetinin başındadır. Bu iqtisadi vəziyyət pisləşibsə, deməli, Nazirlər Kabineti öz funksiyasını doğru-düzgün yerinə yetirməyib. Niyə? Çünki başı öz biznesinə qarışıb. Bu qədər obyekti olan insanın dövlət işinə ayırmağa vaxtı qalmır. Ölkədəki iqtisadi çətinliklərin yaranma səbəbinin ünvanının Baş nazir institutu olduğunu göstərmək üçün bu versiya irəli sürülüb”.
Cəfərli bildirib ki, baş verənlər həm də hakimiyyət daxilindəki qrupların məsuliyyətdən qaçmaq və səlahiyyət davası aparmaq cəhdidir:
“Azərbaycan reallıqları kontekstində kimlərsə daxildə mübarizə aparır. Bu dava, birincisi, məsuliyyət və səlahiyyət davasıdır. İkincisi, iqtisadi vəziyyətin pisləşməsi üçün hədəf göstərilməmə çabalarıdır. Nazirlər istəyirlər ki, zərbə onlardan yan keçsin. Ola bilsin ki, nazirlərin özlərinin də marağı var ki, Əli Əsədovun iş üslubu bəyənilmir və onun getməsi üçün belə bir zəmin hazırlanır. Əgər bu siyahılar vətəndaşlara mesaj olaraq çıxarılırsa, biz də seçici olaraq hökumətə deyəcəyik ki, əgər kadrlarınız bacarmırsa, icra başçınız oğru, baş naziriniz belədirsə, yerinizə bacaranlar gəlib hökumət qursun”.