Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 7 professorun heç bir səbəb göstərilmədən və əvvəlcədən xəbərdarlıq edilmədən Elmi Şuranın tərkibindən çıxarıldığı bildirilir.
Bakupost.az Xəzər TV-yə istinadən xəbər verir ki, professorların sözlərinə görə, qərar onlara əvvəlcədən məlumat verilmədən və səsvermə keçirilmədən elan edilib.
Mərkəzdə uzun illər fəaliyyət göstərən ümumi cərrah, professor Qurbanxan Müslümov iddia edir ki, onlara bu qərarın birbaşa Səhiyyə Nazirliyinin tapşırığı olduğu bildirilib.
Professorun sözlərinə görə, Elmi Şuranın üzvləri əsasnaməyə uyğun olaraq səsvermə yolu ilə seçiliblər və eyni qaydada da vəzifədən kənarlaşdırılmalıdırlar. Lakin bu prosedura əməl edilməyib.
Elmi Şuradan çıxarılan digər professor, ümumi cərrah Zərraf Şirinov da bildirib ki, ona hansı səbəbdən şuradan uzaqlaşdırıldığı barədə hər hansı rəsmi izahat verilməyib.