Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işində maraqlı faktlar üzə çıxıb.
Bakupost.az “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata istinadla xəbər verir ki, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə olan yeyinti halları ilə əlaqədar sabiq deputat Elton Məmmədov da istintaqa cəlb edilibmiş.
Belə ki, prokurorluq tərəfindən onun barəsində cinayət təqibi aparılır. E. Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunduqdan sonra sadiq adamı kimi onu “Yüksək Texnologiyalar Parkı”nın direktoru vəzifəsinə gətirmişdi. Sonradan isə E.Məmmədov Akademiyanın işlər idarəsinin müdiri vəzifəsində çalışıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, Elton Məmmədov işlədiyi dövr ərzində 3 milyon manata yaxın pul mənimsəyib. Maliyyə pozuntularını təsdiq edən sənədlər və digər sübutlar iş materiallarına əlavə edilib. Keçmiş məmur müxtəlif epizodlar üzrə dəfələrlə prokurorluqda ifadə verib.
Amma sabiq deputat istintaq zamanı dövlətə dəymiş ziyanı ödəməyə razılaşıb. O, mənimsədiyi milyonlarla vəsaiti büdcəyə geri qaytarıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Elton Məmmədovun araşdırması davam edən digər epizodlarda da adının keçə biləcəyi istisna edilmir.
Qeyd edək ki, bu yaxınlarda baş prokuror Kamran Əliyev jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb. Baş prokuror deyib ki, AMEA-da qeydə alınmış qanun pozuntuları üzrə hərtərəfli araşdırma aparılıb. Bəzi epizodlar üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib, qalan epizodlar üzrə isə istintaq davam etdirilir.
Xatırladaq ki, Ramiz Mehdiyev AMEA prezidenti olduğu dönəmdə onunla keçmiş deputat, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun münasibətləri gərginləşmişdi. Hətta E.Məmmədov AMEA-nın Rəyasət Heyətinin iclasında qurumda baş verən ağır cinayət hadisələrindən danışmışdı. Bununla bağlı hətta səs yazısı yayılamışdı. Səs yazısından aydın olurdu ki, E.Məmmədovun işdən çıxarılması ilə bağlı təşkil olunan iclasda son çıxışı zamanı o, müəyyən faktları açıqlayıb.
Bildirib ki, AMEA-da ciddi qanun pozuntuları baş verib. İşlədiyi müddətdə qanunsuzluqların qarşısını almağa çalışsa da, buna tam müvəffəq ola bilməyib. Elton Məmmədov qeyd etmişdi ki, alimlər üçün olan AMEA-nın torpaq təyinatları dəyişdirilib və ayrı-ayrı adamlara satılıb.