Bakupost.az  xəbər verir ki, 1988-1991-ci illərdə Şərur rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləmiş Məmməd Abbasov sosial şəbəkədə bu məsələyə münasibət bildirib. O, Nurlan Həsənovun PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyev və Əli Həsənovla heç bir əlaqələrinin olmadığını vurğulayıb:
 
Məmməd Abbasov 
“Son bir aya yaxın müddətdə cəmiyyətimizi təlatümə gətirən hadisələr baş verir. Buna səbəb Prezident Administrasiyasının sabiq rəhbərinə cinayət işinin qaldarılması olub. Onu demək lazımdır ki, əgər bu ittihamlar təsdiqini taparsa, təqsirkarlar qanunvericiliyə uyğun olaraq ən ciddi cəzalarını almalıdırlar. Hadisələrin gedişi göstərir ki, bu faktdan istifadə edən bəzi insanlar xoşlarına gəlməyən adamlara şər, böhtan atıb onları ləkələmək istəyirlər. Bir neçə gün bundan əvvəl "Laf TV"-nin aparıcısı Ləman Ələşrəfqızı bildirdi ki, keçmiş partiya işçisi olmuş Əlfan İbrahimov adlı birisi studiyaya gəlib Abşeron rayon İcra Hakimiyyətinin məsul işçisi Həsənov Nurlanın Prezident Aparatının sabiq məsul işçisi, Prezidentin köməkçisi Əli Həsənovun qardaşı oğlu olduğunu bildirib. Ləman xanım daha sonra bildirir ki, məsələ ictimailəşdikdən sonra bizə daxil olan materiallardan aydın oldu ki, bu məlumat yanlışdır. Nurlan Əli Həsənovun yox, Allahverdi Həsənovun qardaşı oğludur. Ləman Ələşrəfqızı qızı onu da qeyd edir ki, Əlfan İbrahimov ikinci dəfədir bu cür yanlış məlumat verir və hətta buna görə məhkəmədə fakt təsdiqini tapmadığından Əlfan İbrahimovu təqsirkar bilib. Əlfan İbrahimov da onu məhkəməyə verən Gülər İbrahimovadan üzr istəyib. Mən bu videoya baxdıqdan sonra qərara gəldim ki, hadisəyə münasibət bildirim. Çünki Nurlanı, onun ailəsini yaxından tanıyıram. Ona qarşı bu böhtana biganə qalmaq olmaz. İctimaiyyət bilməlidir ki, kim kimdir".
Məmməd Abbasov daha sonra qeyd edib ki, Nurlan Həsən oğlu Həsənov Şərur rayonunun Oğlanqala kəndində anadan olub:

"Ali Hərbi Məktəbi və Prezident yanında Dövlət İdarəçilik Akademiyasıni bitirib. Bir müddət xüsusi təyinatlı təşkilatda çalışıb, son illərdə rayon icra hakimiyyətində məsul vəzifədə işləyir. Ehtiyatda olan zabitdir. Atası Həsənov Həsən ali təhsilli elektrik mühəndisi olub, uzun müddət rayon elektrik şəbəkəsinin müdiri vəzifəsində çalışıb. Sadə, öz işini bilən mütəxəssis kimi tanınıb. Bir neçə il bundan əvvəl dünyasını dəyişib. Nurlanın əmisi Allahverdi Həsənov Şərur rayonunun (1988-1994-cü illərdə) polis rəisi vəzifəsində çalışıb. Hadisələrin mürəkkəb dövründə, xüsusilə Ermənistanla sərhəd bölgələrə əsasən, Sədərəkdə silahlı toqquşmalada o, özünü bacarıqlı, qorxmaz polis əməkdaşı kimi göstərdi. Əhali arasında olan nüfuzuna görə, 1990-cı ildə Azərbaycan SSRİ Ali Sovetinə keçirilən seçkilərdə millət vəkili seçildi. Nurlanın ana babası Dizə kənd sakini Seyidov Mirmöhsün ağa olub. O kəndin böyük nüfuz sahibi, bir tayfanın ağsaqqalı idi. Mirmöhsün ağa 1937-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib, hidrotexnik peşəsinə yiyələnib. 58 il Şərur rayon Suvarma Sistemləri İdarəsində baş mühəndis, müdir vəzifələrində çalışıb. Böyük Vətən müharibəsi iştirakçısı olub. 1981-ci ildə Naxçıvan MSSR Ali Sovetinin fərmanı ilə ona Əməkdar mühəndis adı verilib. Bütün bu faktlar onu göstərir ki, Nurlan hansı nəslin nümayəndəsidir. Belə bir gəncə böhtan, şər deməklə bu insanlar nəyə nail olmaq istəyir? İcra hakimiyyətində işlədiyi dövrdə həmişə insanların müraciətinə həssaslıqla yanaşıb, xüsusilə şəhid ailələrinə, qazilərə diqqət göstərib”.
Cavid, BakuPost