İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı bu gün qərar qəbul etməsi və Knessetin təsdiqinə göndərməsinə Ermənistan hökumətinin, müxalifətinin və mediasının reaksiyası çox şey deyir.
Bakupost.az xəbər verir ki, bu məlumat ilk yayılanda belə Ermənistan XİN “heç bir şərhimiz yoxdur” deyə, hər hansı münasibət bildirməkdən imtina etmişdi. Səbəb isə odur ki, Nikol Paşinyan hökuməti Ermənistanı əsas qonşuları - Türkiyə və Azərbaycanla düşmən edəcək və münasibətləri gərginləşdirəcək bütün iddialardan əl çəkmək siyasəti yeridir.
Paşinyan anlayır ki, “erməni qoyqırımı” anlayışından bir çox ölkə Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edib, ermənilər sadəcə burda istifadə edilib-atılıblar.
Paşinyan hökuməti ona görə Qarabağ iddiasından əl çəkdi və qondarma “erməni soyqırımı”nın dünyada tanınması istiqamətində onillərdir aparılan siyasətdən imtina etdi. İndi kimsə “erməni soyqırımı”ndan sui-istifadə etməyə çalışırsa, Paşinyan sadəcə susmaqla bu cəhdin nəticəsizliyi və Ermənistana heç bir fayda vermədiyini nümayiş etdirir.
İsrail hökumətinin də addımına bu gün Ermənistan hökuməti bu cür reaksiya verildi. Və nə qədər qəribə də olsa, bu gün İsrail hökumətinin bu addımı erməni mediasının da əsas xəbərinə və şərhlərinə çevrilmədi, hətta erməni müxalifəti də bu hadisəni hallandırmaqla, “xal qazanmaq” istəmədi, çünki bu oyunun nəticəsini yaxşı anlayır.
İsrail hökuməti bu addımla Ermənistanı “qazanmadı”, heç bir nəticəsi olmadığından, Türkiyəyə də hansısa “sarsıdıcı zərbə” vura bilməyəcək. Bu addım yalnız və yalnız Azərbaycanı iitrməkdən başqa bir işə yaramır.
Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir, qardaşdır, İsrail isə Azərbaycanın partnyorudur.
Azərbaycan Türkiyə və İsrail arasında siyasi və iqtisadi gərginliklərə qarışmamağa, mümkün olduqca bu gərginliyi yumşaltmağa çalışan ölkədir, çünki bu gərginlik rəsmi Bakının milli maraqlarına xidmət etmir. Amma Ermənistan və ermənilərlə bağlı istənilən məsələ həm də Azərbaycana toxunur.
Bu baxımdan Azərbaycan qondarma “erməni soyqırımı” məsələsinə Türkiyə deyil, həm də öz pəncərəsindən baxır. Çünki qondarma “erməni soyqırımı” deyilən ərəfədə soyqırıma məruz qalan məhz Azərbaycan türkləri olub: Bakıdakı dəhşətli mart qırğınlarını, Qubada, Naxçıvanda, Qarabağda, Şamaxıda qətliamları ermənilər törədib.
Ermənilər həm də Xocalı soyqırımını həyata keçiriblər və “dünənki” sayıla biləcək bu hadisənin nəinki şahidləri sağdır, sənədi-sübutu var, həm də kadrları, görüntüləri ortadadır. İsrail sənədli-sübutlu Xocalı soyqırımını tanımayıb, 111 il əvvəl olmayan, qondarılan, yalançı, saxta, heç bir fakta əsaslanmayan “tarixi hadisəni” “tanımağa” qalxırsa, əlbəttə ki, azərbaycanlıları mənəvi baxımdan incitmiş olur.
İsrailin heç bir müsəlman ölkəsi ilə əlaqələri Azərbaycanla olduğu səviyyədə deyil. Azərbaycan xalqının son dərəcə tolerantlığı iki xalq və ölkə arasında isti münasibətlərin əsasını təşkil edir. Azərbaycan dövlətinin İsrail dövlətinə münasibəti də xalqlar arasındakı xoş əlaqələrə dayanır.
İsrail Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək və bunu müsəlman ölkələrində nümunəyə çevirmək əvəzinə növbəti ciddi səhvini etdi.
İsrail hökumətinin bu ədalətsiz addımı İsrailə etimadı ciddi şəkildə sarsıdacaq, onsuz da Azərbaycan xalqı Qəzza qətliamına görə İsraildən böyük xəyal qırıqlığı yaşayır.
Ümid edək ki, heç olmasa, Knesset hökumətin qərarını dəstəkləməyəcək və Azərbaycanla münasibətlərin üstündən tamamilə xətt çəkəsi bu siyasəti durduracaq.
Azər,
BakuPost