Ru
22:49 / 28 İyun 2026

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?
Eye

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb. Bu vəziyyət valyuta mübadiləsi aparan şəxslər arasında suallar doğurur.

Bəs banklar köhnə dollar əskinaslarını niyə qəbul etmək istəmir?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bunun əsas səbəbi bankların həmin əskinasları yenidən dövriyyəyə buraxmaqda çətinlik çəkməsidir deyib.

Ekspertin sözlərinə görə, banklar dolları uzun müddət saxlamır, onu bir müştəridən alaraq digərinə satırlar:

“Bank köhnə, cırıq və ya zədələnən dolları qəbul etməyə həvəsli olmur. Çünki onu sonradan başqa şəxsə satmaq çətinləşir. Bank dolları yığıb saxlamır. Bir şəxsdən alır, digərinə satır. Köhnə əskinası satmaqda problem yaşadığı üçün onu almaqdan da yayınır.”

X.Kərimli qeyd edib ki, manatla bağlı vəziyyət fərqlidir. Onun sözlərinə görə, köhnələn və ya müəyyən dərəcədə zədələnən manat əskinasları banklar qəbul edərək Azərbaycan Mərkəzi Bankı vasitəsilə yenisi ilə əvəz edə bilirlər.

“Amma dolların sahibi Azərbaycan Mərkəzi Bankı deyil. Dolların emissiyaçısı ABŞ Mərkəzi Bankıdır. Azərbaycan banklarının həmin əskinasları ABŞ-a göndərib dəyişdirməsi həm çətin, həm də məhdud imkanlara malik prosesdir. Mərkəzi Bank dollarla bağlı təminat vermir. Bank burada sadəcə vasitəçi rolunu oynayır”, – deyə iqtisadçı vurğulayıb.

Ekspert hesab edir ki, məhz bu səbəbdən banklar köhnə və ya zədələnən dollar əskinaslarını qəbul etməkdə ehtiyatlı davranırlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar