Əmək pensiyaları artırılarkən, həmin artıma qədər bütün pensiya məbləğlərinin artırılması təklif olunur.
Bakupost.az Qafqazinfo-a istinadən xəbər verir ki, bu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə əmək pensiyasının minimum məbləği artırılarkən həmin artıma qədər təyin edilmiş bütün pensiya məbləğlərinin müvafiq artıma mütənasib və ya müəyyən olunmuş məbləğdə (və ya faiz nisbəti ilə) artırılması təklif olunur.
Bundan başqa, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halın müvafiq qurumun fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində nəzərdə tutulmuş müddətin 1 ilə azaldılması təklif edilir.
Qeyd edək ki, hazırda bu tutulmanın son 3 il üçün aparılması nəzərdə tutulur.