2025-ci il Azərbaycan mediası üçün əlamətdar bir ildir. 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr edilən "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız bu gün 150 illik yubileyini qeyd edir. Bu əlamətdar tarix yalnız keçmişi xatırlamaq üçün deyil, eyni zamanda gələcəyə baxış, yeni mərhələlərin əsasını müəyyənləşdirmək baxımından da bir fürsətdir. Mətbuat tariximizdə müxtəlif dövrlərdə müxtəlif çağırışlar olub. Məsələn, senzura, təzyiqlər, zəif texniki imkanlar, kadr çatışmazlığı və s. Amma bu gün biz artıq fərqli bir media mühitinin şahidiyik. Azərbaycan mediası qlobal informasiya axınında öz yerini tutur, milli maraqları müdafiə edir və cəmiyyətin maariflənməsində aparıcı qüvvəyə çevrilir.
Xüsusilə də 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan mediası birləşdi, daha da güclü qüvvəyə çevrildi.
İyulun 19-da Prezident İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışı da özündə bunları ehtiva edir.
Dövlət başçısı Azərbaycan mediası haqqında danışarkən bildirdi:
“Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir”.
Prezident İlham Əliyev əlavə edib ki, artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır.
Ümumiyyətlə, artıq 3-cü ildir təşkil edilən Şuşa Qlobal Media Forumu Azərbaycanda mətbuata verilən qiymətin, fikir, söz və məlumat azadlığının ən böyük nümunələrindəndir.
“APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı Bakupost.az -a açıqlamasında bildirib ki, III Şuşa Qlobal Media Forumu müstəqil mediamızın tarixində keçirilən ən böyük beynəlxalq tədbirdir:
“Çox sevindiricidir ki, hər il biz tədbirdə daha çox xarici medianın təmsil olunduğunu görürük. Forumda müxtəlif ölkələrə, ayrı-ayrı qütblərə məxsus media nümayəndələri iştirak edir. Burada ən önəmli məsələlərdən biri forumun ilk günündə Azərbaycan Prezidentinin jurnalistlərlə çox açıq və səmimi formatda görüşünün keçirilməsidir. Orada istənilən jurnalist suallarını ünvanlaya bilir və Prezident İlham Əliyev suallara 3–4 saat ərzində cavab verir. Bu il də eyni ənənə davam elədi və cənab Prezident orada müxtəlif mesajlar verdi.
Bizim üçün isə məhz Azərbaycan mediasının fəaliyyətinə çox ciddi və vacib qiymət verməsi önəmli idi. Cənab Prezident Azərbaycan mediasının fəaliyyətini çox yüksək qiymətləndirdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan mediası təkcə müdafiə ilə məşğul olmur, eyni zamanda hücuma keçə, Azərbaycanın milli maraqlarını qoruya bilir. Bunu eşitmək çox xoş idi. Xüsusi olaraq cənab Prezident vurğuladı ki, Azərbaycan mediası ictimai rəyi doğru yönləndirmə peşəkarlığına malikdir və artıq öz sərhədlərini aşıb. Yəni, təkcə daxili auditoriya üçün yox, xarici media üçün də Azərbaycanla bağlı əsas istinad mənbəyinə çevrilə bilib. Təbii ki, bu, son 4–5 il ərzində media ilə bağlı aparılan davamlı və konseptual işin nəticəsidir.
Vətən müharibəsindən sonra Azərbaycan mediasının inkişafında növbəti bir mərhələ başlayıb. Burada həm peşəkarlıq, həm də konseptual yanaşma baxımından bir fərq özünü göstərir ki, bu gün biz bunun bəhrələrini görürük.
Eyni zamanda Media Agentliyinin gördüyü işləri, mediaya verilən dəstəyi, media haqqında qanuna bu günlərdə edilən yeni dəyişiklikləri də qeyd etmək lazmıdır. Haəmçinin Azərbaycan milli informasiya məkanından xarici elementlərin kənarlaşdırılması prosesinin şahidi oluruq. Bunun özü də çox böyük uğurdur. 150 illiklə bağlı isə onu deyə bilərəm ki, Azərbaycan milli mətbuatı müstəqillik dövründə heç bir xarici media qurumuna və ya onun yerli bürosuna uduzmayıb. Milli mətbuatımız ölkə daxilində əsas aparıcı informasiya təminatçısıdır. Fikrimcə, bu, bizim 150 illikdəki ən böyük uğurumuzdur”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Müşfiq Ələsgərli Şuşa şəhərində keçirilən Beynəlxalq Media Forumunu digər ölkələrdə keçirilən forumlarından fərqləndirən xüsusiyyətlərinə diqqət çəkib. O bildirib ki, Şuşa Qlobal Media Forumu iki istiqamətdə xüsusilə diqqət çəkir və başqalarından fərqlənir:
“Birinci istiqamət odur ki, bu forumda ənənəvi olaraq Azərbaycan Prezidenti İlham Əliyev də hər il iştirak edir, burada jurnalistlərlə səmimi söhbət edir, onları maraqlandıran ən müxtəlif sualları cavablandırır. Cənab Prezidentin bu forumun iştirakçıları ilə görüşündə verdiyi mesajlar təkcə Azərbaycanın daxili və xarici siyasətini deyil, eyni zamanda geopolitik və qlobal siyasətin də elementlərini əhatə edir və bu baxımdan kifayət qədər maraq doğurur. Yəni, jurnalistlər qlobal, regional, geopolitik və Azərbaycan siyasəti barədə ən geniş və zəruri informasiyaları əldə etmək fürsəti qazanırlar.
İkinci istiqamət isə budur ki, Şuşa Qlobal Media Forumu mediaya aid ən son trendləri, yeni çağırışları müzakirəyə çıxarır. Bu ilki mövzu da kifayət qədər aktual və trenddir, belə ki, burada süni intellekt dövründə media, rəqəmsallaşma, media savadlılığı və s. kimi çox ciddi məsələlər müzakirəyə çıxarılır. Müzakirələri aparmaq üçün tanınmış ekspertlər dəvət olunublar, onlar mövzu ətrafında zəruri biliklər verirlər və açıq diskusiyalar olur. Bu forum çərçivəsində jurnalistləri maraqlandıran bütün suallara cavab tapmaq mümkündür.
Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, bu forum bizim üçün əziz olan Şuşa şəhərində keçirilir və bura gələn xarici jurnalistlər, hansı ki, onların sayı kifayət qədər çoxdur, erməni vandalizminin izlərini görürlər, eyni zamanda Azərbaycanın quruculuq potensialı ilə tanış ola bilirlər.
Ümumilikdə, Şuşa Qlobal Media Forumu həm Azərbaycanın özü üçün, həm də beynəlxalq media ictimaiyyəti üçün böyük fürsətlər yaradır”.
Əməkdar jurnalist, politoloq Tofiq Abbasov Qlobal Media Forumunun əhəmiyyəti və bu platformanın yeni mərhələyə keçidi barədə
Bakupost.az -a danışıb. Onun sözlərinə görə, bu tədbir artıq təkcə milli media üçün deyil, həm də qlobal informasiya əməkdaşlığı baxımından strateji platformaya çevrilir:
“Bu forumun əsas qayəsi ondan ibarətdir ki, yeni Şuşa platforması beynəlxalq əməkdaşlıq, mübadilə platformasına çevrilsin. Çünki informasiya sahəsində xeyli problemlər yaşanır. Dünyada indi oturuşmuş “fake news” sistemi var, digər tərəfdən, artıq klassik jurnalistikanın özünün çökdürülməsi təhlükəsi var. Bunu edənlər çalışırlar ki, medianı artıq sırf klassik ideoloji bir vasitəyə çevirsinlər. Halbuki jurnalistikanın fundamental qanunları ilk növbədə insanları məlumatlandırmaq, onları agah etməyə xidmət edir.
Biz bir daha əmin olduq ki, üçüncü forum olmağına baxmayaraq, tədbirin coğrafiyası xeyli genişlənib. 50-dən artıq ölkənin nümayəndələri, 80-dən artıq agentlik və media strukturlarının təmsilçilərinin iştirakı onu göstərir ki, artıq Şuşa platforması dünyada öz yerini tapa bilib. Təbii ki, Prezident İlham Əliyevin burada iştirakı son dərəcə mühüm bir məsələdir. Ona görə ki, bu proseslərdə prezidentin özünün çox vacib iştirakı var. O, media məsələlərində özünəməxsus bir mövqe tutan dövlət başçısıdır, digər tərəfdən dünya siyasi elitasının öncüllərindən biridir. Hesab edirəm ki, prezident son dərəcə vacib imperativlər, fikirlər, ideyalar irəli sürür və bunlar həm Azərbaycan, həm də xarici media mənsubları üçün praktiki mahiyyət daşıyır".
Tofiq Abbasovun sözlərinə görə, həm media mənsubları, həm də siyasi dairələr informasiya təhlükəsizliyinin güclənməsində maraqlıdırlar:
"Çünki media təhlükəsizliyinin güclənməsi insanları yanlışlıqlardan sığortalayır, özünəməxsus bir mayak rolunu oynayır. Biz öz təcrübəmizdə də gördük ki, “fake news”dan istifadə edən qüvvələr çalışırlar ki, ictimai fikri yayındırsınlar, sağlam qüvvələri çaşdırsınlar. Məsələn, özümüzdən götürək. Vaxtilə, informasiya sahəsində nə qədər mübarizə apardıq ki, dünya Azərbaycanı işğalçı yox, işğalın qurbanı kimi tanısın.
Bu prosesdə Prezident İlham Əliyevin özünün çox əvəzsiz rolu var. İlk növbədə o, müharibə günlərində 40-a yaxın media strukturuna, dünyanın məşhur media mənsublarına müsahibələr verdi və suları durultdu. Göstərdi ki, bəli, Azərbaycan haqq mübarizəsi aparır və onun qayəsi öz ərazi bütövlüyünü, vətəndaşlarının hüquqlarını bərpa etmək, Qafqaz bölgəsində sülh yaratmaq və onu möhkəmlətməkdir.”
Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, fikir, söz və məlumat azadlığı Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin forum çərçivəsində verdiyi mesajlar, həm yerli, həm də beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.
Bu gün ölkəmizdə plüralist media mühiti formalaşıb, jurnalistlər sərbəst şəkildə fəaliyyət göstərir, informasiya məkanında azad fikir mübadiləsi üçün geniş imkanlar yaranıb. Media qurumları cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını əks etdirən fərqli baxışları təqdim edir. Plüralizmə, informasiya təhlükəsizliyinə və peşəkar jurnalistikaya verilən dəyər, medianın davamlı inkişafını təmin edən əsas faktorlardandır.
Aysel,
BakuPost
QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.