10:58 / 06 Fevral 2026
“Epşteyn faylları” Davos Forumunda qalmaqal yaratdı
324
Dünyanı silkələyən “Epşteyn faylları” qalmaqalı bu dəfə Davos Forumunu vurdu.
Hər il Davos sammitini təşkil edən Dünya İqtisadi Forumu dünən yaydığı açıqlamada qurumun prezidenti ilə başıbəlalı Epşteyn arasındakı əlaqələrin araşdırılacağını bildirib.
Norveçin keçmiş xarici işlər naziri Borqe Brende 2017-ci ildən etibarən Dünya İqtisadi Forumuna rəhbərlik edir. Forum İsveçrənin Davos şəhərində dünyanın ən varlı və nüfuzlu şəxslərinin hər il keçirilən toplantısını təşkil edir.
Forum açıqlamasında bildirib ki, “baş icraçı direktoru Borqe Brendenin Cefri Epşteynlə üç işgüzar şam yeməyində iştirak etməsi, eləcə də sonradan elektron poçt və qısa mesajlar vasitəsilə apardığı yazışmalarla bağlı ortaya çıxan yeni məlumatları aydınlaşdırmağı hədəfləyir”.
Açıqlamada əlavə olunub ki, bu çərçivədə idarə heyətinin audit və risk komitəsindən məsələni araşdırması istənilib və komitə müstəqil tədqiqatın başladılması barədə qərar verib.
Forum bildirib ki, Brende araşdırma prosesində iştirak etmədən vəzifəsinin icrasını davam etdirəcək.
Brendenin adı ABŞ Ədliyyə Nazirliyi tərəfindən ötən həftə yayımlanan Epşteynlə bağlı milyonlarla yeni sənəddə 60-dan çox dəfə yer alıb.
Sənədlərdə adının çəkilməsi onun mütləq şəkildə hər hansı cinayət törətməsi anlamına gəlmir.
Epşteyn 2019-cu ildə həbsxana kamerasında intihar etməzdən əvvəl cinsi istismar və insan alveri ittihamları ilə üzləşmişdi.
Brende açıqlamasında bildirib ki, 2018-ci ildə Nyu-Yorka səfəri zamanı Norveçin keçmiş baş nazirinin müavini Terye Rod-Larsen digər bəzi liderlərlə birlikdə özünü amerikalı investor kimi təqdim edən Cefri Epşteynlə birlikdə şam yeməyinə qatılmaq üçün dəvət alıb.
“Sonrakı il digər diplomatlar və iş adamları ilə birlikdə Epşteynlə oxşar iki şam yeməyində iştirak etdim. Bu şam yeməkləri, eləcə də bir neçə elektron poçt və qısa mesaj onunla olan bütün əlaqələrimi təşkil edib”, – deyə Brende əlavə edib.
“Epşteynın keçmişi və cinayət fəaliyyəti barədə tam məlumatlı deyildim. Əgər bilsəydim, ilk şam yeməyi dəvətini və bundan sonrakı bütün dəvətləri və ya əlaqələri rədd edərdim”, – deyə o bildirib.
Cavid, BakuPost