ABŞ-də maliyyəçi Ceffri Epşteyn işi üzrə illərdir qapalı saxlanılan materialların mərhələli şəkildə ictimailəşdirilməsi qlobal miqyasda ciddi rezonans doğurub.
Bakupost.az xəbər verir ki, ortaya çıxan sənədlərin həcmi və xarakteri bu prosesi istər-istəməz “WikiLeaks” ifşaları ilə müqayisə olunacaq səviyyəyə gətirib. Oxşarlıq ondadır ki, hər iki halda minlərlə daxili yazışma, qeydlər və əlaqələr şəbəkəsi ictimaiyyətə açılır. Fərq isə ondadır ki, “WikiLeaks”də bu prosesi Culian Assanc və onun komandası aparırdısa, Epşteyn işi üzrə sənədlərin yayımı birbaşa ABŞ Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Rəsmi Vaşinqton bunu məhkəmə prosesləri çərçivəsində şəffaflığın təmin edilməsi kimi təqdim etsə də, açıqlanan materialların miqyası göstərir ki, söhbət yalnız hüquqi detallardan yox, onilliklər boyu formalaşmış qlobal əlaqələr şəbəkəsindən gedir. Bu şəbəkədə müxtəlif ölkələr, maliyyə dairələri, siyasi mühitlər və qeyri-rəsmi münasibətlər yer alır.
Məhz bu kontekstdə diqqət çəkən məqamlardan biri sənədlərdə “Azərbaycan” adının tez-tez qarşıya çıxmasıdır. Açıq elektron arxivdə aparılan axtarış nəticələrinə görə, “Azerbaijan” açar sözü üzrə ümumilikdə 192 sənəd göstərilir. Lakin texniki yoxlama zamanı məlum oldu ki, bu sənədlərin təxminən 20-dən (23) çoxu eyni materialların təkrar yerləşdirilmiş versiyalarıdır. Bu isə faktiki olaraq 170-ə yaxın sənəddə (daha dəqiq 169) Azərbaycanın adının keçdiyini deməyə əsas verir.
PDF fayllarında yayılan sənədlərdə müxtəlif elektron məktublar, qısa qeydlər, əlaqə siyahıları, səfər planları və üçüncü şəxslərlə aparılan yazışmalar qeyd olunub. Əhəmiyyətli məqam ondan ibarətdir ki, sənədlərin böyük əksəriyyətində Azərbaycan birbaşa dövlət qərarları və ya rəsmi mövqelər kontekstində yox, daha çox şəxsi, sosial və işgüzar münasibətlər çərçivəsində xatırlanır. “Azərbaycanlı dost”, “Azərbaycan tərəfi”, “Bakıda görüş”, “Azərbaycandan gələn qonaqlar” kimi ifadələr və Bakıya təyyarə reysləri bu materiallarda dəfələrlə təkrarlanır.
Açıqlanan yazışmalar göstərir ki, Azərbaycan adı bəzi hallarda potensial tərəfdaşlıq imkanları, bəzi hallarda isə səfər və əlaqə nöqtəsi kimi gündəmə gəlib. Bəzi sənədlərdə Epşteynin özü yox, onun ətrafındakı şəxslərin apardığı danışıqlarda Azərbaycanın adının çəkilməsi xüsusilə diqqət çəkir. Bu isə Epşteyn şəbəkəsinin təkcə ABŞ və Avropa ilə məhdudlaşmadığını, daha geniş coğrafiyanı əhatə etdiyini göstərir.
ETFA (Epstein Files Tagged Archive – Etiketlənmiş Epşetyn Dosyaların Arxivi) ilə adlanmış PDF faylların adında 8 rəqəm qeyd olunub. Bu da faylların milyondan çox olması ehtimalını irəli sürür. Müşahidəçilər hesab edirlər ki, bu sənədlərin xam və redaktə olunmamış formada yayımlanması “WikiLeaks” modelini xatırladır. Oxucuya hazır nəticə təqdim edilmir, əksinə, sənədlər olduğu kimi ortaya qoyulur və nəticə çıxarmaq ictimaiyyətin öz öhdəsinə buraxılır. Fərq ondadır ki, bu dəfə məlumat sızması qeyri-rəsmi platforma vasitəsilə yox, birbaşa ABŞ dövlət qurumunun nəzarəti altında baş verir.
ABŞ Ədliyyə Nazirliyi bildirir ki, Epşteyn işi üzrə sənədlərin açıqlanması yekunlaşmayıb və növbəti mərhələlərdə əlavə materialların da ictimaiyyətə çıxarılması mümkündür. Bu isə o deməkdir ki, hazırda sənədlərdə rast gəlinən Azərbaycanla bağlı qeydlər son ola bilməz. Mövcud materialların dərin təhlili isə hələ qarşıdadır.
Hazırkı mərhələdə bu sənədlər birbaşa ittiham xarakteri daşımır. Lakin onlar qlobal elit şəbəkələrin necə formalaşdığını, hansı ölkə və dairələrlə qeyri-rəsmi təmaslar qurduğunu göstərən mühüm mənbə kimi dəyərləndirilir. Epşteyn dosyeləri təkcə bir cinayət işinin yox, beynəlxalq əlaqələr sisteminin qaranlıq tərəflərinin də üzə çıxarılması baxımından əhəmiyyət daşıyır.
Cavid, BakuPost