
Vasif SADIQLI
Şirürəkli Riçard kannibalist olub?
Son vaxtlar “Epşteyn işi” qalmaqalı bütün dünyanı silkələməkdədir. Müxtəlif ölkələrin dövlət, hökumət başçılarının, bir sıra Nobel mükafatı laureatlarının, digər məşhurların adlarının hallandığı 3 milyon səhifədən ibarət materialda müxtəlif cinayət əməlləri ilə yanaşı, məlum adadakı eyş-işrət məclislərində insan əti yeyilməsi kimi vəhşətə yol verildiyi də iddia edilir. Sonuncunu oxuyanda məşhur şərqşünas, Nizaminin yaradıcılığı ilə bağlı tədqiqatlarına görə 1948-ci ildə SSRİ Dövlət mükafatı almış Yevgeni Bertelsin bir yazısını xatrıladıq (Е. Э. Бертельс. Отголоски тематики Низами в английской средневековой поэзии). Həmin yazıda dünyada "Şirürəkli Riçard" (ing. Richard the Lion Heart) kimi tanınan və ləyaqət və alicənablıq rəmzi kimi təqdim edilən Riçardın insan əti yeməsi barədə bir balladanın olması haqda məlumat verilir.
Şirürəkli Riçardı bizə başqa bir yöndən tanıtmayıblar. Bəlkə, indi o cür tanınmasını istəməzdilər də. Çünki “Qalibləri mühakimə etmirlər” prizmasından baxsalar belə, səlib yürüşlərinin şıdırğı vaxtı qürurverici sayılan bir hərəkətə bu günün əxlaq standartları ilə bəraət vermək olmur. Heyranları, yəqin ki, 1979-cu ildə portreti olan formanı geymək istəməyən məktəbliləri güllələtdirən, devrilərkən mətbəxində insan əti ilə dolu soyuducular tapılan, siyasi rəqiblərini timsahlara yedirən, arvadlarının bir çoxunu, ölkədəki yeganə riyaziyyatçını yeyən Mərkəzi Afrika Respublikası prezidenti Jan Bedel Bokassa ilə Şirürəkli Riçardın adının yanaşı çəkilməsini istəməz.
Doğrudur, söhbət bir balladadan gedir… Amma ballada müəllifləri onun “insan əti yeməyindən” qətiyyən ürpənməyiblər, əksinə, qürur da düyublar. Hiss olunur ki, “vəhşi müsəlmanları” qırmaq üçün hər bir vasitə məşrudur” düşüncəsində olublar. Amma sanki arada hər halda insan əti yemək vəhşətdir deyə tərəddüləri olub, ona görə balladanın mətninə yumşaldıcı hallar əlavə ediblər:
Xəstələnmişdi, ölə bilərdi...
İlk dəfə yeyəndə bunun insan əti olmağından xəbəri yox idi...
Günahın bir hissəsi müsəlmanlardadır, axı Fələstində niyə donuz tapılmırdı?
Bertels qeyd edir ki, həmin ballada “Səlib yürüşləri zamanı, ya Nizaminin sağlığında, ya da ölümündən qısa müddət sonra yazılıb. Bu da onu xüsusi diqqətlə araşdırmağa sövq edir... “. Balladanın qısa məzmunu belədir: Fələstinə yürüş zamanı Riçard çox ağır xəstələnir. Həkimlər onu müalicə etmək üçün uzun müddət mübarizə aparırlar. Nəhayət, əsgərlərin duası müstəcəb olur və o, sağalmağa başlayır. Riçard sağalan kimi ürəyi donuz əti istəyir. Lakin müsəlman Fələstinində donuz ətini necə tapasan? Riçardın müşayiətindəki cəngavərlərdən biri məsələdən agah olandan sonra tövsiyə edir ki, gənc kök bir sarasini (səhranişin, müsəlman) öldürüb, növbənöv ədviyyat və zəfəranla qaynadıb krala versinlər. Yemək hazır olur və onu donuz əti adı ilə Riçarda verirlər. O, əti yeyir, üstündən yaxşıca içib yatır. Kral yeməkdən sonra dərin yuxuya gedir və tamamilə sağlam oyanır. Sağalmasına sevinən Riçard sarasinlərlə döyüşə gedir, lakin döyüşdən sonra yenidən özünü zəif hiss edir və yediyi donuzun başının dərhal ona gətirilməsini tələb edir. Aşpaz onun başı olmadığını deyəndə çar qəzəblə qışqırır: "Ya mənə onun başını gətir, ya da öz başını itirəcəksən!" Çaşqın aşpaz sarasinin başını gətirir və diz çökərək mərhəmət diləyir. Kral başı görəndə qəhqəhə çəkir: “Sarasin əti belə ləzzətlidirsə, onları qaynadılmış, qovrulmuş, pörtlədilmiş və bişmiş halda yeməyə hazıram. Ordu artıq acından ölməyəcək”.
Görünür, bu dəhşətli ziyafət xəbəri səlibçilər tərəfindən mühasirəyə alınan şəhərə çatdırılır və şoka düşən müsəlman sakinlər təslim olmaq qərarına gəlirlər. Onlar səlibçilərin qoyduğu bütün şərtləri yerinə yetirirlər. Yalnız birindən başqa - möcüzəvi xaçı geri qaytara bilmirlər, çünki o xaç şəhərdə deyildi. Səlibçilər təslim olanları inanılmaz işgəncələrə məruz qoymağa başlayanda xəbər Səlahəddin Əyyubiyə çatır. O, Riçarda zəngin hədiyyələrlə elçilər göndərir. Elçilər əsirlərin azad edilməsini təmin etməli idilər. Riçard hədiyyələrdən imtina edir, lakin elçiləri ziyafətə dəvət edir və orada əsirlərlə bağlı qərarını elan edəcəyinə söz verir. Kral tapşırır ki, həbsxanada əsirlər arasından ən yaxşılarını seçib, adlarını dəqiq yazsınlar və sonra başlarını kəssinlər. Aşpaz bu başları qaynadıb ziyafətə dəvət olunan müsəlman elçilərin hər birinə boşqabda, öldürülənlərin adının yazıldığı qeydlə birlikdə verməli idilər.
Ziyafət başlayır, başlar gətirilir. Titrəyən qonaqlar kralın insan ətini necə acgözlüklə yeməsinə tamaşa edirlər. Riçard onları öldürməyəcəyini və sultanın yanına qayıtmalarına icazə verəcəyini deyir. O, Səlahəddinə belə bir ismarış göndərir: səlibçiləri aclıqdan öldürmək məqsədinə çatmayacaqsan. Tək bir sarasinlə doqquz-on döyüşçünü yedizdirmək olar. Riçard bütün sarasinləri yemədən İngiltərəyə qayıtmamağa söz verir.
“Bu ballada bir çox ingilis ədəbiyyatşünaslarını çaşdırıb, çünki Riçarda aid edilən bu vəhşilikdən daha dəhşətli nəsə təsəvvür etmək həqiqətən çətindir. Belə qəribə bir əsərin necə yarana biləcəyini izah etmək cəhdləri heç bir qənaətbəxş nəticə vermir”, - deyə Bertels yazır.
Məsələ burasındadır ki, balladada kral Riçardın sarasin əti yeməklə Səlahəddin Əyyubinin əsgərləri arasında vahimə yaratmaq metodu ilə Nizaminin “İsgəndərnamə”sində, konkret desək, “Şərəfnamə”də İsgəndərin hərbi hiylələri haqqındakı hekayə arasında mühüm oxşarlıqlar var. Nizaminin poemasındakı hekəyənin qısa məzmunu belədir: Zəngibar padşahının hücum xəbərini eşidən İsgəndər Tutiyanuş adlı şəxsi danışıq aparmaq, düşməni hücumdan çəkindirmək üçün zənci sərdarının yanına göndərir.
Bir rumlu var idi olduqca insan,
Natiqdi, bir neçə dildə danışan.
Alimdi hər fikri, sözü qurmaqda,
Mahirdi ox atıb, qılınc vurmaqda.
Söhbəti tutini kəməndə salmış,
Özü Tutiyanuş adını almış.
O qədər kəskindi sözü, hünəri,
Özünə çəkərdi dinləyənləri.
Qaraların şahı İsgəndərin ismarışını eşidəndə bir az da qaralır, ilan kimi qıvrılır. Əmr edir, elçinin başını kəsirlər, onun qanı qızıl teştə yığılır, şah o qanı su kimi içir. Tutiyanuşla gedənlər qayıdıb bu dəhşətli xəbəri çatdırırlar. İsgəndərin əsgərlərinin ürəyinə vahimə düşür.
Vəziyyətdən çıxmaq üçün tədbir lazım olur. İsgəndər baş vəziri çağırır. Vəzir belə bir təklif edir: Əsgərləri göndər, bir neçə zənci tutub gətirsinlər. Dərhal əmr et, birinin başını kəssinlər. Zənci dilində əmr et ki, aşpaz onun başını bişirib gətirsin. Amma xəlvətdə aşpaza de ki, zəncinin başını basdırsınlar, əvəzində bir qara qoyun başı bişirib, sümükdən ayırıb sənə gətirsinlər. Elə də edirlər. Yemək gələndə İsgəndər deyir:
"Nə qədər dadlıymış zəncinin əti,
Verməz başqa ətlər böylə ləzzəti.
Zəncinin ətindən kabab yaxşıdır,
Yanında qırmızı şərab yaxşıdır.
Tək zənci budundan yeyərəm kabab,
Dadlıdır, duzludur, xoş gəlir şərab".
Bu xəbər zəncilərin ölkəsinə çatır. Ordunun içinə vəlvələ düşür:
Zəncinin qəlbinə çökmüşdü qorxu,
Biz ipək sanırdıq, cod palazmış bu!.
Beləcə zəncilərin içinə vahimə düşür və İsgəndər qalib gəlir.
Burada ciddi oxşarlıqla yanaşı, mühüm fərq də var: balladada Riçard həqiqətən insan əti yeyir və buna aludə olur, amma İsgəndər yalnız adamyeyən olduğu barədə şayiə yayır. Böyük şairimizin təsvirində İsgəndər bu addımı atmaqda son dərəcə istəksiz olub, onu məcburi şəkildə edib.
Bertels bildirir ki, ingilis balladasının müəllifi Nizaminin poeması ilə tanış ola, ondan ilhamlana bilməzdi: “Əvvəla, nəzərə almaq lazımdır ki, Riçard Fələstində 1191-ci ilin yazından 9 oktyabr 1192-ci ilə qədər, yəni "İsgəndərnamə"nin birinci hissəsi - "Şərəfnamə"nin tamamlanmasından yeddi-səkkiz il əvvəl olub. Ona görə Riçardın ətrafından kimsə Nizaminin əsəri ilə tanış ola bilməzdi. Eləcə də Riçard haqda balladanın uzaq Gəncədə Nizamiyə çatması da inandırıcı deyil. Ən güclü ehtimal ondan ibarətdir ki, o dövrlərdə Şərqdə İsgəndərin igidlikləri, hərbi hiylələri barədə çoxsaylı əfsanələr olub. Balladanın yaradıcıları Riçardı vəsf etmək, müsəlmanları isə alçaltmaq üçün İsgəndərin hərbi hiyləsini onun adına çıxıblar. Bu, yalnız ehtimaldır. “Monqol yürüşlərindən əvvələ aid mənbələr məhv edildiyindən Nizaminin poeması üçün materialı konkret hansı mənbədən götürdüyünü dəqiqləşdirmək olmur”, - deyə Bertels yekunda qeyd edir.
P.S. Bir sözlə, cənablar, əgər Epşteynin malikanəsində bilərəkdən və ya bilməyərəkdən insan əti yeyibsinizsə, səxt olmayın. Əgər müsəlman əti yeyibsinizsə, heç üzülməyin. Residiv var. Hamınızın sevimlisi, əfsanəvi cəngavər-kral, Üçüncü Səlib yürüşünün görkəmli sərkərdəsi və cəsur döyüşçü, Kiprin fatehi, Qüdsü geri ala bilməsə də, xristian dünyasının müsəlmanlara qarşı mübarizəsinin simvoluna çevrilən, Yaffa döyüşündə Səlahəddin Əyyubinin ordusu üzərində qələbə qazandığını iddia etdiyiniz Şirürəkli Riçard da insan əti yeyirmiş. Ona adət, sizə bidətdir? Xalq ona ballada qoşub, vəsf elədi, sizi də unutmaz...
Xeyirli cümə axşamları...