Rusiya Ermənistanın Azərbaycan və Türkiyə istiqamətində yerləşən iki dəmir yolu sahəsinin bərpasına dəstək verməyə hazırdır.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk deyib. Onun sözlərinə görə, Rusiya ümumi uzunluğu təxminən 1,6 km və 12,4 km olan hissələrin bərpası ilə bağlı danışıqlara başlamağa hazırdır. Danışıqlar zamanı layihənin texniki, maliyyə və digər parametrləri müəyyənləşdiriləcək.
Overçuk bildirib ki, həmin sahələrin bərpası Rusiyaya Naxçıvan Muxtar Respublikası ilə birbaşa dəmir yolu əlaqəsi yaratmağa, həmçinin Türkiyə üzərindən Aralıq dənizi limanlarına, eləcə də İran vasitəsilə Fars körfəzi və Hind okeanı limanlarına çıxış əldə etməyə imkan verəcək.
O, həmçinin xatırladıb ki, 2025-ci ilin sonunda 1991-ci ildən bəri ilk dəfə olaraq Rusiya ilə Ermənistan arasında Azərbaycan və Gürcüstan əraziləri vasitəsilə dəmir yolu əlaqəsi bərpa olunub. Onun qiymətləndirməsinə görə, bu addım rus mallarının daşınması üçün daha rəqabətli şərait yaradıb və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlər arasında qarşılıqlı ticarətin möhkəmlənməsinə töhfə verib.