Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Arusyak Culakyan yeni Konstitusiya layihəsinin mətninin 2026-cı ilin sonunadək dərc olunması və ictimaiyyətə təqdim edilməsinin planlaşdırıldığını bildirib.
"Bakupost" xəbər verir ki, Culakyan bunu Ermənistan parlamentində Dövlət-hüquq məsələləri üzrə daimi komissiya sədrliyinə namizədliyinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, yeni Konstitusiya hazırlanarkən mövcud Konstitusiyanın ayrı-ayrı maddələri çıxarılmayıb və ya dəyişdirilməyib. Onun sözlərinə görə, hakimiyyət “təmiz vərəqdən” yeni Konstitusiya yazmağa başlayıb.
Culakyan həmçinin yeni Konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın olmadığını təsdiqləyib.
“Preambulada Müstəqillik Bəyannaməsinə istinad varmı? Xeyr. Və olmamalı idi”, – deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın qalmasını sülh sazişinin imzalanması qarşısında əsas məsələlərdən biri hesab edir.
Beləliklə Culakyanın bildirir ki, yeni konstitusiya layihəsi ilin sonunadək ictimaiyyətə təqdim oluncaq. Eyni zamanda, ondan bir neçə gün əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Ermənistan cari ilin dekabrına qədər Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqını (Aİİ) seçməklə bağlı referendum keçirməlidir.
Siyasi şərhçi, hüquqşünas Qulamhüseyn Əlibəyli
“Bakupost”a bildirib ki, Culakyanın danışdığı referendum Ermənistanın yeni Konstitusiyasının qəbulu, Qaluzinin tələb etdiyi isə Ermənistanın strateji seçimi ilə, yəni Aİ-yə üzvlük və ya Aİİ-də qalmaq məsələsi ilə əlaqədardır:
“Hər 2 şəxsin açıqlamasında ilin sonunadək referendum keçiriləcəyi birbaşa nəzərdə tutulmur. Culakyan ilin sonunadək yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə təqdim ediləcəyini, müzakirələrdən sonra referendum məsələsinin gündəmə gətiriləcəyini bildirib. Qaluzin isə dekabra qədər Ermənistanın referendum məsələsində qərar verməsini tələb edir”.
Bununla belə, müsahibimizə görə, onların vaxt baxımından üst-üstə düşməsi çox maraqlı siyasi sinxronluq yaradır və siyasi baxımdan çox əhəmiyyətlidir.
Ekspert qeyd edir ki, bu iki proses hüquqi baxımdan eyni proses deyil, amma siyasi təqvim baxımından bir-birinə bağlana bilər:
“Konstitusiya məsələsi üzrə referendim keçirilməsi Ermənistan hakimiyyəti üçün məcburidir. Bu tələb hazırda qüvvədə olan Konstitusiyada nəzərdə tutulub. Aİ ilə Aİİ arasında seçim məsələsinin referendum yolu ilə həll olunmasının vacibliyi məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, həqiqətən də Aİ-nın qaydalarına görə bu təşkilata üzvlük məsələsi referendum yolu ilə həll edilməlidir. Lakin bu gün üçün Ermənistanın Aİ-na üzvlük məsələsi aktual deyil. Aİ bu məsələnin müzakirəsinə 2030-cu ildə başlanılacağını qərara alıb”.
Siyasi şərhçinin sözlərinə görə, Aİİ-na üzvlük və onun tərkibindən çıxmaq üçün isə referendum keçirmək vacib deyil:
“Rusiyanın bu tələbi Paşinyan hakimiyyətinə mənasız təzyiq xarakteri daşıyır”.
Müsahibimiz deyir ki, Rusiyanın dekabrı siyasi son tarix kimi müəyyənləşdirməsi və Ermənistan hakimiyyəti də həmin dövrə qədər özünün başqa böyük siyasi-hüquqi prosesini — yeni Konstitusiya layihəsini — başa çatdırmağa söz verməsi heç də Paşinyanın Kremlin tələbi qarşısında geri çəkilməsi, təslim olması kimi yozulmamalıdır.
Onun fikrincə, bunu Moskvanın təzyiqini nəzərə alaraq İrəvanın vaxt qazanması kimi qiymətləndirəmək daha düzgün olardı:
“Hətta bir qədər paradoksal vəziyyət yarandığını da söyləmək mümkündür. Rusiya bir məsələ üzrə referendum barədə qərar qəbul olunmasını tələb və bunun üçün son möhlət müəyyən edir. Ermənistan isə həmin müddətdə yeni Konstitusiya layihəsi üzrə referendum məsələsini gündəmə gətirir. Bunu isə Rusiyaya bir növ mesaj hesab etmək olar:
“Biz siyasi-hüquqi sistemimizi yenidən qururuq, amma hansı istiqamətdə seçim edəcəyimizi sizin tələbinizlə yox, özümüz müəyyənləşdirəcəyik”.
Q. Əlibəyli bu vəziyyətin Paşinyan hakimiyyəti üçün müəyyən risklər yaradacağını da istisna etmədi:
“Əgər yeni Konstitusiya 2026-cı ilin sonunda təqdim olunarsa və orada Müstəqillik Bəyannaməsinə istinad həqiqətən çıxarılarsa, Azərbaycanla sülh prosesinin qarşısındakı əsas hüquqi maneə aradan qalxacaq. Lakin eyni zamanda Ermənistan Aİ istiqamətində fəaliyyətini daha da irəli apararsa, Rusiya bunu artıq sadəcə konstitusiya islahatı kimi deyil, Ermənistanın geosiyasi istiqamətinin dəyişməsi kimi qəbul edib, yeni təzyiq mexanizmlərini işə sala bilər.
Beləliklə, yeni Konstitusiya layihəsi üzrə referendum və strateji seçim üzrə referendum tələbinin eyni vaxtda gündəmə gətirilməsi Ermənistanın Rusiya ilə açıq toqquşmadan yayınaraq manevr etməsi kimi qiymətləndirilməlidir”.
Rüfət Sultan,
BakuPost