“Google” Avropa İttifaqının “Rəqəmsal Bazarlar Aktı” (DMA) çərçivəsində açılan ilk işi uduzduqdan sonra milyardlarla dollarlıq təzminat iddiaları ilə üzləşə bilər.
“Bakupost” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Hüquq ekspertlərinin fikrincə, məhkəmə qərarı Avropanın müxtəlif ölkələrində “Google”a qarşı yeni təzminat iddialarının qaldırılmasına zəmin yaradır. Şirkətin ümumilikdə 10 milyard dollara çata biləcək təzminat tələbləri ilə qarşılaşa biləcəyi bildirilir.
Qeyd olunur ki, “Google” daha əvvəl də rəqabət qaydalarını pozduğu üçün Avropa İttifaqı tərəfindən milyardlarla avro cərimələnib. Son qərarda isə şirkətin öz xidmətlərinə üstünlük verməsi və tətbiq hazırlayanların istifadəçiləri “Google Play”dən kənar daha sərfəli seçimlərə yönləndirməsinə mane olması əsas gətirilib.
Hazırda Almaniya, Niderland, İsveç, Böyük Britaniya və İtaliya da daxil olmaqla, bir sıra ölkələrdə “Google”a qarşı təzminat iddiaları qaldırılıb və ya bu istiqamətdə hazırlıq aparılır.
Şirkət isə ittihamları qəbul etmir. “Google”un sözçüsü iddiaların hüquqi əsası olmadığını və bəzi şirkətlərin məhsul hazırlamaq əvəzinə təzminat əldə etməyə çalışdıqlarını bildirib.
Vüsalə Hüseynova,
BakuPost