Ru
22:10 / 06 Aprel 2026

Göydə pomidor, yerdə gələcək - Lənkəranda 900 gənc nələr edir?

Göydə pomidor, yerdə gələcək -  Lənkəranda 900 gənc nələr edir?
Eye

Böyük avtobus Lənkəranın dar, bir az da sıx küçələri ilə irəlilədikcə bura ilk dəfə gəldiyim günləri xatırlayıram. Onda Lənkəran mənə dünyanın ən böyük şəhərlərindən biri kimi görünürdü. Bu şəhər bir az da buranın rəisi olan dayıma oxşayırdı. “Volqa”sı, hündür boyu, ağır tapançası bu şəhəri bir az da böyüdürdü gözümdə. Sonra 90-ların axırında gəlmişdim. Burada tələbə olan dostların arxasınca. Onda şəhərin rəngi dəyişmişdi, ağır şərait bütün Lənkəranı qaraltmışdı. Gənc kişilərin çoxu Rusiyaya iş dalınca getdiyindən xeyli yarımçıq ailələr görmüşdüm. Yarımçıq ailələr, palçıqlı yollar, solğun insanlar…

Palçıqlı yollarla gedənlərin çoxu qayıtmırdı. Ona görə də Lənkəran yaddaşımda bir az da yarımçıq hekayələrin şəhəri kimi qalmışdı.

Bu dəfə isə elə bil uşaqlığımdakı Lənkəranı yenidən gördüm.
Bir avtobus jurnalist, Təhsil Nazirliyinin nəzakətli əməkdaşları, nazir müavini Kənan Kərimzadə, Səbuhi Rzayev, Billurə Hacızadə… ilə təkcə bu şəhər üçün yox, bütün cənub regionu üçün böyük əhəmiyyət kəsb edən 42 ixtisas üzrə 900-dən çox tələbənin təhsil aldığı Lənkəran Dövlət Peşə Təhsil Mərkəzindəyik.


Bu məkanda gəncləri, peşə öyrənən insanları gördükcə, nazir müavininin aydın və dəqiq mesajlarını eşitdikcə gələcəyin necə qurulduğunu hiss edirsən.


Əvvəl saç ustalarına baş çəkdik, sonra dərzilərə, elektrikçilərə, şirniyyatçılara, aşpazlara… ordan da avtomobil ustalarının işini izlədik.


Bir peşəni öyrənmək, həm də bunu məktəb mühitində öyrənmək, səliqəli otaqlarda peşəkar insanları dinləmək burada olanların çoxu üçün gecikmiş arzuların gerçəkləşməsi kimidir.


Üstəlik, onların əksəriyyəti kursu bitirməmiş iş tapır.
Çünki bu peşələrin hər birinə böyük ehtiyac var.


Burada yetişən mütəxəssisləri ölkənin hər yerində “əliçıraqlı” axtarırlar.


Torpaqsız pomidorlar, torpaqlı insanlar

Torpaqsız pomidor istixanası bu baxımdan xüsusilə maraqlıdır.
Burada müasir üsullarla yüksək məhsuldarlıq əldə olunur. Tələbələr eyni anda iki sahəni öyrənirlər: həm aqronomluğu, həm də istixana işini.


Elə buna görə də bu sahədə təhsil alanların demək olar hamısı artıq iş tapıb.

Ümumiyyətlə, istixanaya daxil olanda gözün öyrəşmədiyi bir mənzərə ilə qarşılaşırsan. Pomidorlar torpaqda yox, havada yetişir.


Hər şey sensorlarla idarə olunur, əl zəhməti ağılla “calaq” olunub.
Amma bu müasir, əndrabadi texnologiyanın içərisindən gələn xoş pomidor qoxusu səni Masallının, Lənkəranın təkrarsız bazarlarına aparır. Buranın bazarlarına gedəndə hər şeydən əvvəl nənə nəvazişi hiss edirsən, mehriban, doğma adamlar öz məhsullarını ürəyinin istisilə sənə verirlər...


Əlləri torpaq qoxuyan qadınların duaları uzun müddət qulağında cingildəyir, sənə inanılmaz bir güc verir.

Usta evləri: həyətlərdən siniflərə

Avtoservis emalatxanasına daxil olanda isə bir anlıq Masallı və Cəlilabad tərəflərdəki köhnə təmir sexləri yada düşür.

Əvvəllər bu rayonlarda ustaxanalar çox vaxt həyətlərdə olurdu. Avtomobilin xarab oldusa bir ailənin qonağına çevrilirdin. Adətən ata usta, oğlanları isə onun köməkçisi olurdu. Ona görə də bu rayonlarda müəyyən usta nəsillər var. İndi isə bu ənənə yeni mərhələyə keçir. Artıq bu nəsillərdən olmayan insanlar da usta ola bilir.


Mərkəzdə oxuyan hər kəs bu peşəni sistemli şəkildə öyrənir, elektrik və hibrid avtomobillərin təmiri də tədris olunur.


Bunun üçün ən müasir avadanlıqlar gətirilib.

Köç yox, qalmaq üçün səbəb

Cənub bölgəsinin taleyi uzun illər bir sözlə ifadə olunub: Köç. Sovetlər qurulanda və ondan sonrakı dövrlərdə sərhəd boyu kəndlər aran rayonlarına köçürülüb. Müstəqillikdən sonra isə tamam başqa məzmunlu köçlər olub. İnsanlar daha yaxşı yaşamaq üçün öz yurdlarını tərk ediblər.

Bakıya köç.
Rusiyaya köç...
Lənkəranda və Cəlilabadda qurulan peşə məktəbləri isə region üçün başqa bir söz yaradır: Qalmaq!
Çünki burada ali təhsil alamayan gənclərinin, orta yaş nümayəndələrinin seçimi var.
Onlar getməyə məcbur deyil. Çünki peşəsi var, bacarığı var, imkanı var.

Üstəlik, burada hamının yaxşı ustaya ehtiyacı var.
Yaxşı elektrikçi tapmaq çətindir.
Peşəkar mexanik çatışmır.
Bacarıqlı aqranom ələ düşmür.
“Əli duzlu” aşpaz harda var?
Hazırlıqlı otelçi “göydən düşmə”…

Dünya bunu çoxdan anlayıb, ona görə də Almaniyada gənclər məktəbi bitirən kimi istehsalata qoşulur. “Dual təhsil” sistemi deyirlər buna. Sinqapur iqtisadi sıçrayışı məhz peşə təhsili üzrində qurub. Qardaş Türkiyədə də bu istiqamətdə böyük işlər görülür.
Bu baxımdan Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı atılan addımlar mühüm əhəmiyyət daşıyır: diplomun olmasa belə, bacarıq dəyər yaradır.

Bu, təkcə təhsil məsələsi deyil.
Bu, sosial-iqtisadi məsələdir.
Bu, insanların həyatına, əhval-ruhiyyəsinə təsir edən məsələdir.

Beləliklə, Lənkəran yenidən böyüyür... İmkanları ilə.
Və bəlkə də ilk dəfədir ki, bu şəhər təkcə xatirələrdə, keçmişdə yox, arzularda, gələcəkdə də böyük görünür....


Elçin
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar