Ru
02:08 / 31 İyul 2026

Güneyli bəstəkardan azərbaycanlı müğənnilərə 100 min manat tələbi: "Dünya sizin oğurluğunuzu bilir"

Güneyli bəstəkardan azərbaycanlı müğənnilərə 100 min manat tələbi:  "Dünya sizin oğurluğunuzu bilir"
Eye

Cənubi Azərbaycandan olan bəstəkar Mənsur Daneşvarın "Nazlanma" mahnısı ətrafında baş vermiş qalmaqal səngimək bilmir.


"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, bu dəfə bəstəkar mahnının ifaçıları Vasif Məhərrəmli və Vəfa Şərifovanı dəstəklədiyi üçün sənətçi Sərxan Kərəmoğlunu sərt şəkildə tənqid edib, onu "oğru" adlandırıb.

Bununla bağlı Sərxan Kərəmoğlu açıqlama yayıb.

Onun sözlərinə görə, Mənsur Daneşvar Vasif Məhərrəmli və Vəfa Şərifovanın duet ifasını paylaşdığına görə ona dəfələrlə məktub yazıb.

"Sonuncu məktubunda isə belə yazıb: "Utanın! Oğru! Reklam edirsiniz. Siz necə inanırsınız? Təkcə Azərbaycan yox, bütün dünya sizin oğurluğunuzu bilir".

Mənsur, dünya ilə sənin nə əlaqən var? Özün dediklərinə doğrudan inanırsan? Dünyanın işi-gücü sənin "əsər" adlandırdığın üç badam, bir qoz mahnıdır? Kim buna "əsər" deyib?


Daha sonra məktubunda yazırsan: "Onlardan nə qədər pul almısınız ki, onların mahnısını reklam edirsiniz?"

Bu artıq açıq-aşkar mənə atılan böhtandır. Sən həyatında ən böyük səhvlərdən birini edərsən ki, mənimlə qarşıdurmaya girəsən, mənimlə baş-başa gələsən. Əslində, səni Azərbaycanda Vasif Məhərrəmli ilə Vəfa Şərifova məhz bu mahnı ilə tanıtdılar.

Xalq artistimiz Gülyanaq Məmmədova ilə oxuduğunuz həmin mahnını da bərbad vəziyyətə salmısan. Gülyanaq xanım böyük sənətkardır. Düşünürəm ki, sən Güney Azərbaycandan olduğun üçün səninlə duet oxumaqdan imtina etməyib, xətrinə dəymək istəməyib.

Ümumiyyətlə, məncə, Vəfa Şərifovanı da, Vasif Məhərrəmlini də, hətta Gülyanaq Məmmədovanı da məhkəməyə vermək lazımdır ki, sənin ucuz "əsəri"ni ifa edib, Azərbaycan musiqi zövqünü korlayıblar!"

Xatırladaq ki, Cənubi Azərbaycandan olan bəstəkar Mənsur Daneşvar "Nazlanma" mahnısına görə Vasif Məhərrəmli və onunla duet oxuyan Vəfa Şərifovanı məhkəməyə verəcəyini, onlardan 100 min manat məbləğində təzminat tələb edəcəyini açıqlayıb.

Bəstəkar iddia edib ki, müğənnilər onun müəllifi olduğu mahnını icazəsi olmadan ifa ediblər. O, məsələ ilə bağlı ifaçılarla əlaqə saxlamağa çalışdığını, lakin onların tərəfindən təhqirlərə məruz qaldığını bildirib.

Nəticədə Mənsur Daneşvar mahnının Vasif Məhərrəmlinin "YouTube" kanalından silinməsinə nail olub. Lakin o, Vəfa Şərifovanın "YouTube" platformasında yerləşdirilmiş ifasını hələ də sildirə bilməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar