Ru
10:59 / 19 Fevral 2026

Bir də ayılırıq ki, büdcə yeyilib, kasıblar narazıdır, imkanlılar isə didərgin...

Bir də ayılırıq ki, büdcə yeyilib, kasıblar narazıdır, imkanlılar isə didərgin...
Eye

Bir vaxtlar yerli istehsalın təşviqi və qənaət naminə məmurlarımıza Naxçıvanda yığılan avtomobillərdən almaq məsləhət görülmüşdü. Məntiq sadə idi: öz malımıza özümüz güvənməsək, kim güvənəcək?

Düzdür, heç bir nazir öz BMW-sini NAZ-Lifan-a dəyişmədi, bir-iki “başıqapazlı” qurum 10–15 maşın aldı, mövzu da bağlandı. Amma ideya baxımından maraqlı idi.

Bu gün səhiyyə sistemində gedən çalxalanmalar fonunda həmin model istər-istəməz yada düşür. Çünki sistemi düzəltmək üçün dövlət kağız üzərində təqdimatlarla yox, prosesin içindən xəbərdar olmalıdır - öz “avtomobilimizə minməlidir”. Xəstəxanalarımızı görməlidir. Dəhlizləri gəzməlidir. Növbənin nə demək olduğunu hiss etməlidir.

Əgər doğrudan da xəstəxanalarımız müasirdirsə, xidmət keyfiyyətlidirsə, peşəkar həkimlərimiz kifayət qədərdirsə, buyursunlar, tanınmış adamlarımız və məmurlarımız da müalicəni məhz Bakıda alsınlar. Xaricdə “check-up turizmi” dövrü də bitsin!

İddia oluna bilər ki, iri məmurlar xəstəxanalara gəlsələr və burda müalicə olunmağa qərar versələr belə, əsl mənzərəni görməyəcəklər: çünki növbədə dayanmayacaqlar, heç bir həkim “əsəbini” cəsarət edib onun üstündə sınaqdan keçirməyəcək; onlara xüsusi şərait yaradılacaq - ayrı palata, ayrıca həkim, sürətli analizlər.

Bəli, ola bilər. Amma sistem yalnız palatadan ibarət deyil.

Xəstəxananın havası var, ritmi var. İşləmə mədəniyyəti var, avadanlığın vəziyyəti var, personalın ümumi davranışı var. Bunları gizlətmək mümkün deyil.

Ən böyük problem budur: qərar verənlər bu mərhələləri yaşamır.

Onların səhiyyəsi ayrı reallıqdır, xalqın səhiyyəsi isə başqa reallıq. Və bu iki reallıq bir-birini tanımır. Məhz buna görə də uzun illər səhiyyədə baş verənlər ya təqdimatlarda itib, ya da şəxsi münasibətlər şəbəkəsinin içində yumşalıb.

Məsələn, iki gün əvvəl vəzifədən azad edilən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qısa müddətdə bir çox yüksək ranqlı şəxslərlə münasibət qurmuşdu. Onun haqqında yazılanlara verilən reaksiyalar bunu açıq-aydın göstərirdi. Səmimi idi, sadə idi, xidmət etməyi sevirdi, xahişləri tez yerinə yetirirdi. Belə adamın dostu çox olar. Və əlbəttə ki, dost haqqında sərt qərar verilməsini kim istər?

Amma məsələ bir nəfərdə deyil.

İnsanların şikayət etdiyi çox vaxt tanınmış həkimlərdir, səhiyyə strukturlarının rəhbərləridir. Onlar isə nazirlərlə, yüksək post sahibləri ilə şəxsi münasibətlər içindədir.

Bu münasibətlər səhiyyə ilə bağlı ədalətli qərarları ya gecikdirir, ya da ümumiyyətlə bloklayır. Nəticədə sistem özü-özünü yoxlayır, özü-özünə hesabat yazır və özü-özünə “əla” qiyməti verir. Sonra birdən ayılırıq ki, aman Allah, büdcə talan edilib, ən müasir xəstəxanalarımız, yüksək maaşlı mütəxəssislərimiz, milyardlıq avadanlıqlarımız ola-ola kasıb camaat narazıdır, keyfiyyətli müalicə ala bilmir, imkanlı pasiyentlər isə didərgindir - ölkədən xarici klinikalara milyonlar axır.

Bu sahəni doğrudan da düzəltmək istəyirikmi?

Vaxtilə yerli avtomobilə minmək iqtisadi siyasətin çağrışı idi. Yeri gəlmişkən, vaxtilə Fərhad Əliyev bu siyasəti şüara çevirmişdi: Hamı yerli mal alsın, xeyir Vətənə qalsın!

Bu gün yerli xəstəxanada müalicə almaq səhiyyə siyasətinin lakmus kağızı ola bilər. Qərar verənlər sistemi kənardan yox, içindən görməlidir.

Ona görə də sadə bir təklif var: hamı kimi, öz xəstəxanalarımıza gedin.

Özümüzü tanıyaq, ailəmizin içində olaq, “xeyiri” öz xəstəxanalarımıza verək – həm maddi, həm mənəvi, həm də...
Ailəmizin içində olmaq təkcə seçim deyil. Bu həm məsuliyyətdir, həm də borc.

Elçin Zahiroğlu,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar