ABŞ ordusu Prezident Donald Trampın hücum əmri verməsi halında İrana qarşı həftələrlə davam edə biləcək davamlı hərbi əməliyyatlar aparılması ehtimalına hazırlaşır. Məsələ ilə tanış olan iki ABŞ rəsmisi bunu “Reuters” agentliyinə bildirib. Onların sözlərinə görə, bu ssenari iki ölkə arasında indiyədək müşahidə olunandan qat-qat daha ciddi bir münaqişəyə çevrilə bilər.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, planlaşdırmanın məxfi xarakter daşıması səbəbilə adlarının açıqlanmasını istəməyən rəsmilərin verdiyi bu məlumat ABŞ və İran arasında hazırda davam edən diplomatik prosesin risklərini xeyli artırır.
ABŞ və İran diplomatları ötən həftə Omanda Tehranın nüvə proqramı ətrafında diplomatik prosesin bərpası məqsədilə danışıqlar aparıblar. Bu danışıqlar Trampın bölgədə hərbi qüvvələri toplamasından sonra baş tutub ki, bu da yeni hərbi müdaxilə qorxularını gücləndirib.
ABŞ rəsmiləri dünən bildiriblər ki, Pentaqon Yaxın Şərqə əlavə bir aviadaşıyıcı göndərir. Bu addım minlərlə əlavə hərbçi ilə yanaşı döyüş təyyarələri, idarə olunan raket esminesləri və həm hücum, həm də müdafiə imkanlarına malik digər hərbi vasitələrin bölgəyə cəlb olunması deməkdir.
Tramp da Şimali Karolinadakı hərbi bazada ABŞ əsgərləri qarşısında çıxış edərkən İranla razılaşma əldə etməyin çətin olduğunu deyib: “Bəzən qorxu lazımdır. Vəziyyəti həqiqətən yoluna qoyan yeganə şey də budur”.
ABŞ-ın potensial olaraq uzunmüddətli hərbi əməliyyata hazırlaşması ilə bağlı suallara cavab verən Ağ Evin sözçüsü Anna Kelli, “Prezident Trampın İranla bağlı bütün variantları masadadır”, – deyib.
“Prezident hər bir məsələ üzrə müxtəlif baxışları dinləyir, lakin son qərarı ölkəmizin və milli təhlükəsizliyin maraqlarına əsaslanaraq özü verir”, – Kelli əlavə edib.
Pentaqon məsələ ilə bağlı şərh verməkdən imtina edib.
ABŞ ötən il Yaxın Şərqə iki aviadaşıyıcı göndərmiş və İranın nüvə obyektlərinə zərbələr endirmişdi. Lakin iyun ayında həyata keçirilən “Midnight Hammer” əməliyyatı əsasən birdəfəlik hücum xarakteri daşıyırdı. ABŞ-dan havaya qalxan gizli bombardmançı təyyarələr İranın nüvə obyektlərini vurmuş, İran isə cavab olaraq Qətərdəki ABŞ bazasına son dərəcə məhdud bir zərbə endirmişdi.
Rəsmilərin bildirdiyinə görə, bu dəfə aparılan planlaşdırma xeyli daha mürəkkəbdir.
Davamlı kampaniya çərçivəsində ABŞ ordusu təkcə nüvə infrastrukturu deyil, həm də İranın dövlət və təhlükəsizlik obyektlərini hədəfə ala bilər. Rəsmi konkret detallar açıqlamaqdan imtina edib.
Ekspertlərin fikrincə, İranın güclü raket arsenalına malik olması səbəbilə belə bir əməliyyatda ABŞ qüvvələri üçün risklər xeyli yüksək olacaq. İranın cavab zərbələri regional münaqişə ehtimalını da artırır.
Eyni rəsmi bildirib ki, ABŞ İranın mütləq cavab verəcəyini gözləyir və bu, müəyyən müddət ərzində qarşılıqlı zərbələr və cavab tədbirləri ilə müşayiət oluna bilər.
Ağ Ev və Pentaqon cavab zərbələri və regional münaqişə riskləri ilə bağlı suallara cavab verməyib.
Tramp dəfələrlə İranı nüvə və ballistik raket proqramlarına, eləcə də daxili etirazların qəddar şəkildə yatırılmasına görə bombalamaqla hədələyib. O, bildirib ki, diplomatik həllin alternativi çox travmatik olacaq.
İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə xəbərdarlıq ediblər ki, İran ərazisinə zərbə endiriləcəyi halda, ABŞ-ın istənilən hərbi bazası cavab hədəfinə çevrilə bilər.
ABŞ Yaxın Şərq boyunca, o cümlədən İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə hərbi bazalar saxlayır.
İsrailin Baş naziri Benyamin Netanyahu üç gün əvvəl Vaşinqtonda Tramp ilə görüşüb və bildirib ki, İranla hər hansı razılaşma əldə olunarsa, “bu, İsrail üçün həyati əhəmiyyət daşıyan elementləri özündə ehtiva etməlidir”.
İran isə sanksiyaların ləğvi qarşılığında nüvə proqramına məhdudiyyətlərin müzakirəsinə hazır olduğunu açıqlayıb, lakin raket məsələsinin bu danışıqlarla əlaqələndirilməsini rədd edib.
Cavid, BakuPost