ABŞ-da 2024-cü ilin dekabrında baş verən kruiz faciəsi Mayami prokurorluğunun araşdırmasına səbəb olub. Həlak olan Maykl Vircilin (Michael Virgil) ailəsi “Royal Caribbean” şirkətini həddindən artıq güc tətbiqində ittiham edir və kompensasiya tələb edir.
Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, Los-Anceles-Meksika marşrutu üzrə “Navigator of the Seas” gəmisində səfərə çıxan Vircil kabin hazır olmadığından gözləmək üçün barda qalıb. Məhkəmə sənədlərinə görə, heyət ona ard-arda içki verib və o, qısa müddətdə 33 spirtli içki içib. Sərxoş olduğu halda servis dayandırılmayıb.
Vircil daha sonra kabinə qayıtmağa çalışıb, lakin sərxoşluq səbəbindən aqressivləşib. Təhlükəsizlik əməkdaşları onu yerə yıxaraq sakitləşdirici iynə vurub. İddialara görə sərxoşa qarşı bibər qazından da istifadə olunub. Vircil qısa müddət sonra heyətin nəzarətindəykən dünyasını dəyişib.
Ailənin iddiasına görə, ölüm ürək-damar çatışmazlığı ilə bağlıdır, lakin dəqiq səbəb açıqlanmayıb. Şirkət yalnız ölümə görə təəssüf bildirdiyini və araşdırma ilə bağlı şərh verməyəcəyini deyib.
Qeyd edək ki, oxşar olay hadisədən iki ay əvvəl həmin şirkətin başqa bir gəmisində baş vermişdi. 66 yaşlı qadın ardıcıl içki servisindən sonra ölmüşdü.
Cavid, BakuPost