Gədəbəy rayonu ərazisində mikroavtobusun qəzaya uğramasının təfərrüatı məlum olub.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Marif kəndi ərazisində baş verib. Gəncə şəhər sakini Pərviz Şahbaz oğlu Quliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus Gəncə və Şəmkir rayonundan Gədəbəy rayonunda işləyən qadın müəllimləri orta məktəbə gətirirmiş. O, Marif kəndi ərazisində qarşıdan gələn, Gədəbəy rayonunun Zəhəmtabad kənd sakini Natiq Niyazi oğlu Əliyevin idarə etdiyi VAZ-2106 markalı avtomobili gözləmədən dönmə əməliyyatı edib. Nəticədə "Mercedes" markalı mikroavtobus VAZ-2106 markalı avtomobillə toqquşub, daha sonra isə yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində mikroavtobusda olan 15 müəllim və VAZ-2106 markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.