İrana qarşı başladılan müharibə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına layiq görülmək arzusunu puça çıxara bilər.
Bunu
Bakupost.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə İranda başlanan müharibənin Trampın Nobel Sülh Mükafatı almaq niyyətinə təsirini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, mövcud vəziyyət Trampın bu mükafata iddiasını faktiki olaraq arxa plana keçirir:
“Mövcud vəziyyətlə əlaqədar olaraq, Trampın Nobel mükafatı almaq məsələsinə faktiki olaraq son qoyuldu. Bu məsələ artıq keçmişdə qaldı. Bundan sonra Tramp nə qədər çalışsa da, həmin istəyini gerçəkləşdirməsi real görünmür”.
Bununla belə, politoloq hesab edir ki, Tramp bu arzudan imtina etməyəcək:
“İstəyinə çatmaq üçün o, yenə də müxtəlif addımlar atacaq. Çünki sovet dövrünün bəzi rəhbərləri kimi, Tramp da özünə vurğun bir siyasətçidir. O, şöhrətə meylli biridir və titullar, orden və mükafatlar almağa xüsusi önəm verir. Amma bütün hallarda onun addımlarında məntiq görünmür və bu istəyinin gerçəkləşməsi artıq real deyil”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldiyi vaxtdan Nobel Sülh Mükafatına sahib olmaq istədiyini gizlətmir. O, tez-tez özünü “sülh göyərçini” kimi təqdim edərək müxtəlif qitələrdə baş verən bir sıra münaqişələrin dayandırılmasında rol oynadığını bildirir.
Buna baxmayaraq, Tramp 2025-ci ildə sözügedən mükafata layiq görülməyib. Həmin il Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Maria Corina Machadoya təqdim olunub. İran ətrafında başlayan müharibə isə Trampın bu mükafata iddiasını daha da zəiflədə bilər.
Rüfət Sultan, Bakupost