İranda etirazlar fonunda tətbiq edilən genişmiqyaslı internet kəsintisinin müvəqqəti deyil, daimi ola biləcəyi ilə bağlı narahatlıqlar güclənir.
Bakupost.az xəbər verir ki, İranın internet siyasətini izləyən “Filterwatch” təşkilatının yayımladığı yeni hesabat bu ehtimalları daha da qüvvətləndirib.
Hesabatda bildirilir ki, İranda etirazlara görə tətbiq olunan internet blokadası artıq 180 saatdan çoxdur davam edir və Tehran hakimiyyətinin planlarına əsasən, martadək beynəlxalq internetə çıxışın açılması nəzərdə tutulmur. Daha da narahatedici məqam isə odur ki, bu tarixdən sonra belə vətəndaşların beynəlxalq internetə çıxışının əvvəlki səviyyəyə qaytarılmayacağı ehtimal edilir.
“Filterwatch”ın İran daxilindəki mənbələrə istinadən hazırladığı hesabatda vurğulanır ki, rejim internetin hüquq yox, dövlət tərəfindən verilən imtiyaz olduğu düşünür və bundan sonra ölkədə yeni mərhələ başlanması gözlənilir. Sənəddə İranın internet infrastrukturunun hərbiləşdirilmiş rejimə çevrilməsini hədəfləyən gizli dövlət layihəsinin mövcudluğu qeyd olunur. Bildirilir ki, bu layihə Məhəmməd Amin Ağamiri və Mehdi Seyfabadi kimi yüksək vəzifəli şəxslərin nəzarəti altındadır.
Hesabata görə, yaradılan qapalı intranet sistemində xarici aləmə çıxış icazəsi yalnız sərt “Ağ siyahı” mexanizmi vasitəsilə, təhlükəsizlik yoxlamasından keçmiş şəxslərə verilir.
İranda bu intranet sistemi Milli İnformasiya Şəbəkəsi (SHOMA) adı ilə tanınır. Normal şəraitdə belə ölkədə internetə çıxış əsasən daxili şəbəkə ilə məhdudlaşdırılır. Beynəlxalq platformalara giriş yalnız dövlətin icazə verdiyi VPN-lər vasitəsilə mümkündür. Bu sistem çərçivəsində “WhatsApp”, “Telegram” kimi qlobal tətbiqlər əvəzinə, yerli mesajlaşma, bankçılıq, taksi və elektron ticarət platformalarından istifadə edilir.
Lakin hazırkı etirazlar zamanı hakimiyyət ilk dəfə olaraq bu daxili şəbəkəni də tam bağlayıb. Mütəxəssislərin fikrincə, İranın illər ərzində yalnız ölkədaxili işləyən internet sistemi qurması, internetin bloklanmasını texniki baxımdan olduqca asanlaşdırıb. Bir vaxtlar günlər çəkən kəsinti prosesləri indi saniyələr ərzində həyata keçirilir.
“Cloudflare” məlumatlarına görə, yanvar 8-də tətbiq olunan kəsintidən sonra 30 dəqiqə ərzində İran üzrə internet trafiki 98,5% azalıb. Ekspertlər bu kəsintinin İran iqtisadiyyatına 130 milyon dollardan artıq zərər vurduğunu bildirirlər.
Hesabatda diqqət çəkən digər məqam isə “ağ SIM kartlar” məsələsidir. Bu kartlar dövlətin yüksək vəzifəli şəxslərinə, təhlükəsizlik qurumlarına və rejimə yaxın şəxslərə verilir və ümumi internet kəsintisi zamanı belə filtrlənməmiş və geniş çıxış imkanı yaradır. Bu fakt ölkədə rəqəmsal bərabərsizliyin və nəzarətin dərinləşdiyini göstərir.
“Filterwatch” həmçinin bildirir ki, yerli mesajlaşma tətbiqlərinin fəaliyyəti də sərt şəkildə məhdudlaşdırılacaq. Yeni plana əsasən, bu platformalar yalnız yüksək səviyyəli təhlükəsizlik icazəsi aldıqları halda korporativ istifadəyə buraxılacaq. Məqsəd özəl sektorda məlumat axınının tam izlənilə bilməsidir. Maraqlıdır ki, iddialara görə, bəzi nazir müavinləri belə bu planın detallarından xəbərsizdir.
Bununla yanaşı, xaricdən daxil olan məlumatlar İran operatorlarının beynəlxalq internet paketlərini də SHOMA sistemi ilə məhdudlaşdırdığını göstərir.
Hesabatda İran hakimiyyətinin “Starlink” peyk internetini də bloklamağa nail olduğu vurğulanır. Bildirilir ki, ölkəyə qeyri-qanuni gətirilən “Starlink” avadanlıqlarının aşkarlanması və zərərsizləşdirilməsi üçün xüsusi texniki sistemlər hazırlanır. “Yaftar” və “Doran Group” kimi şirkətlərin peyk trafikinə nəzarət texnologiyaları üzərində işlədiyi qeyd olunur. Eyni zamanda peyk televiziyası antenlərinin kütləvi şəkildə yığışdırılması planlarının mövcud olduğu da iddia edilir.
Hesabatda daha bir sensasion iddia yer alır: İranın ən böyük mobil operatorlarından biri olan “Irancell”in baş icraçı direktoru interneti vaxtında kəsmədiyi üçün vəzifəsindən azad edilib. Həmin şəxs vətənə xəyanət ittihamı həbs olunub. Bir sıra beynəlxalq texnologiya tərəfdaşlarının ölkəni gizli şəkildə tərk etdiyi qeyd olunur.
Bu məlumatlar İranın kritik infrastruktur sahələrində beynəlxalq əməkdaşlıqların faktiki olaraq sona çatdığı ehtimalını daha da gücləndirir.
Cavid, BakuPost