Yunanıstanın kəşfiyyat orqanları İran rejiminə işlədiyi iddia olunan casusa qarşı əməliyyat keçirib. 36 yaşlı şəxs Krit adasında ABŞ hərbi gəmilərini izləməkdə şübhəli bilinərək saxlanılıb.
Bakupost.az “BİLD”ə istinadən xəbər verir ki, əslən Azərbaycandan olan şəxsin Gürcüstan vətəndaşı olduğu bildirilir. Qəzetə verilən məlumata əsasən, o, fevralın 3-də Almaniyadan Yunanıstana gəlib. Şəxsin Xanya liman şəhəri yaxınlığında yerləşən ABŞ-ın Souda hərbi-dəniz bazasını izləməsi və kəşfiyyat fəaliyyəti aparması barədə ciddi şübhələr var. Prokurorluq Yunanıstan Milli Kəşfiyyat Xidmətindən (EYP) əlavə sübutlar gözləyir.
Kəşfiyyat mənbələrinin məlumatına görə, saxlanılan Gürcüstan vətəndaşının mobil telefonunda ABŞ-a məxsus “USS Gerald R. Ford” aviadaşıyıcısının fotoları aşkarlanıb. Səlahiyyətli qurumlar onun İranda olan bir şəxslə əlaqəsinin olub-olmadığını da araşdırır. Əlaqənin mesajlaşma tətbiqi vasitəsilə qurulduğu bildirilir.
EYP tərəfindən şübhəlinin hərəkətləri və fəaliyyəti barədə toplanmış məlumatların yaxın vaxtlarda məhkəmə orqanlarına təqdim ediləcəyi gözlənilir. İş ilkin istintaq üçün Yunanıstan polisinin antiterror idarəsinə göndəriləcək. “BİLD”in məlumatına görə, yunan təhlükəsizlik orqanları şübhəlinin mümkün əlaqələrini xəritələndirmək və daha geniş şəbəkənin olub-olmadığını araşdırmaq məqsədilə xarici kəşfiyyat xidmətləri ilə də təmas qurublar. Onun səyahət edən casus ola biləcəyi ehtimal edilir.
Məlumata görə, saxlanılan şəxs fevralın 3-də Almaniyadan gəlib və bölgədəki otellərdən birində yerləşib. Souda körfəzində Yunanıstan, ABŞ və NATO tərəfindən istifadə olunan mühüm hərbi infrastruktur yerləşir. ABŞ-ın “USS Gerald R. Ford” aviadaşıyıcısı yaxın vaxtlarda təchizat məqsədilə burada dayanıb, daha sonra Yaxın Şərqə yola düşüb. Afina hava limanında saxlanılan şübhəlinin ölkəni tərk etməyə cəhd göstərməsi ehtimal edilir. O, ittihamlarla bağlı açıqlama verməyib.
Qeyd olunur ki, İsrail və ABŞ-ın İrandakı hədəflərə endirdiyi zərbələrdən sonra Souda hərbi-dəniz bazasında təhlükəsizlik tədbirləri gücləndirilib.
Cavid, BakuPost