Ru
15:20 / 04 Avqust 2026

İş adamını öldürmək üçün qatil tutdular - ANBAAN VİDEO

İş adamını öldürmək üçün qatil tutdular  - ANBAAN VİDEO
Eye

Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda tikinti sahəsində fəaliyyət göstərən iş adamı Ercan Ekşinin qətli ilə bağlı istintaq qısa müddətdə nəticə verib.

"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, polis təhlükəsizlik kameralarının yüzlərlə saatlıq görüntüsünü araşdıraraq cinayəti törədən şəxsi və ona kömək edənləri saxlayıb.

Məlumata görə, 46 yaşlı Ercan Ekşi iyulun 31-də tikinti sahəsinin girişində silahlı hücuma məruz qalıb. Ağır yaralanan iş adamı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq zamanı müəyyən edilib ki, 23 yaşlı Muhammet G. hadisədən təxminən 3 saat əvvəl əraziyə gələrək avtobus dayanacağında gözləyib. Ercan Ekşi avtomobilinə minmək istədiyi anda ona yaxınlaşan şübhəli ardıcıl atəş açaraq hadisə yerindən qaçıb.

İstanbul Polis İdarəsinin Cinayət Bürosu əməkdaşları 480 saatlıq təhlükəsizlik kamerası görüntüsünü analiz etdikdən sonra şübhəlinin izinə düşüb. Muhammet G. hadisədən bir gün sonra Taksim meydanında gəzərkən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, şübhəli cinayətdən sonra istifadə etdiyi silahı hadisə yerindən təxminən 300 metr aralıda boş sahəyə atıb, daha sonra onu gözləyən avtomobillə Bahçelievler istiqamətinə qaçıb. Silah sonradan polis tərəfindən aşkar edilərək götürülüb.

Polisdə ifadə verən Muhammet G. cinayəti etiraf edib. O bildirib ki, tanımadığı şəxslər ona pul müqabilində bu işi təklif ediblər. Şübhəlinin sözlərinə görə, məqsədi Ercan Ekşini öldürmək deyil, yaralamaq olub.

Muhammet G.-nin ifadəsi əsasında aparılan əməliyyat zamanı ona qaçmağa kömək etdikləri müəyyən edilən Mehmet G. (27) və Özcan O. (48) da saxlanılıb. Hər üç şübhəli polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə göndərilib.

Qeyd edək ki, silahlı hücum anı, həmçinin şübhəlinin Taksimdə saxlanılması təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə hücumçunun avtobus dayanacağında uzun müddət gözlədiyi, daha sonra iş adamına atəş açaraq qaçdığı əks olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar