Türkiyənin Xarici işlər naziri Hakan Fidan İsrailin İrandan sonra Türkiyəni hədəf seçə biləcəyini deyib. O bildirib ki, İsrail düşmənsiz yaşaya bilmir. Buna görə də İrandan sonra Türkiyəni düşmən elan edə bilər.
Hakan Fidan həmçinin Yunanıstan, Kipr və İsrailin iştirak etdiyi regional əməkdaşlıq formatlarını tənqid edərək, onların gərginliyi azaltmaq əvəzinə, daha da artırdığını söyləyib.
Azərbaycanın sabiq xarici işlər naziri
Tofiq Zülfüqarov Bakupost.az-a bildirib ki, əslində məsələni kimlərsə şişirtməyə çalışır:
“İsrail tərəfindən guya Ərdoğan adından Təl-Əvivə qarşı verilmiş bəyanata bu və ya digər şəkildə reaksiya oldu. Türkiyə Prezident Aparatı isə rəsmən bəyan edib ki, belə bir bəyanat olmayıb”.
T. Zülfüqarov kimlərinsə bunu qəsdən, gərginliyi artırmaq üçün gündəmə gətirdiyini də istisna etmədi:
“Bir sıra antitürk dairələr İsraillə Türkiyə arasında gərginliyin artırılmasında maraqlıdır. Belə dairələr Avropa və İsrail daxilində də var. Bu Türkiyənin düşmənlərinin əməlidir. Onlar növbəti hədəf qismində Türkiyəni görmək istəyirlər. Düzdür, tərəflər arasında problemlər də mövcuddur. Amma onun aradan qaldırılması üçün vaxtilə Bakıda görüşlər də olub. İsraillə Türkiyə arasında ticari əlaqələr də ilbəil artır”.
Ekspert qeyd edir ki, Türkiyənin rəsmi siyasətində İranda olduğu kimi, İsraili dövlət olaraq məhv etmək düşüncəsi olmayıb və olmayacaq:
“İran İsraillə müharibə aparır. İsrail dövlətini məhv etmək İranın rəsmi siyasətidir. Türkiyədə isə buna bənzər siyasət yoxdur. Sadəcə, tərəflər arasında bu və ya digər məsələlər ətrafında hansısa gərginlik var”.
Rüfət Sultan, BakuPost