Azərbaycan yığmasının və “Neftçi”nin sabiq futbolçusu Kamal Quliyevin səhhətində problem yaranıb.
Bakupost.az xəbər verir ki, bu barədə Futbolinfo.az saytına o, özü məlumat verib.
K.Quliyev bildirib ki, qara ciyəri sıradan çıxıb:
“Problem qaraciyərlə bağlıdır. Qara ciyər sıradan çıxıb. Nə desən var. Analizlər yanımda deyil, qanımdakı göstəricilərin faizlərini dəqiq deyə bilmirəm, vallah başım çıxmır. Hər şey göstərilib. Ola bilər ki, qaraciyər dəyişilsin, əməliyyat da tələb oluna bilər”.
Keçmiş futbolçu qeyd edib ki, sağalması üçün 40 min manat lazımdır.
O, AFFA və “Neftçi”nin heç bir kömək etmədiyini də açıqlayıb:
“Özüm müraciət etməmişəm. Bilmirəm, bəlkə xəbərləri yoxdur. Keçən il özbəklərlə yoldaşlıq oyunu ərəfəsində müalicə alırdım. Bunu eşidən federasiya rəhbərliyi, çox sağ olsunlar, mənə zəng etmişdilər. O vaxt telefon məndə olmurdu, ailəmdə idi. Onlarla danışanda hərtərəfli dəstək göstərmək istədiklərini söylədilər. O zaman imkanım var idi, özüm həll edəcəyimi dedim və onlara sonsuz təşəkkürümü bildirdim. Qürur hissi keçirdim. Axı, mən 10 il milli komandanın formasını əbəs yerə daşımamışam. Dəfələrlə öz hesabıma millinin düşərgəsinə getmişəm. Belə münasibətdən necə qürur duymayım? Amma müraciət edəcəyəm.
Bilənlər bilir, futbolçu karyeramın ən gözəl çağları “Neftçi” ilə bağlıdır. 6-7 il zarafat deyil. Bir vaxtlar komanda yiyəsiz qalmışdı, çoxları tərk etdi, amma mən sona qədər komandanın uğuru üçün əlimdən gələnin artığını etdim. Bunu Kazbek Tuayev də təsdiqləyər. Çünki həmin vaxt baş məşqçi o idi. 6 ay pulsuz-parasız oynadım, komandanın uğuru üçün canımı belə qoydum. Allah eləməmiş zədə alsaydım, bu, karyerama çox pis təsir edəcəkdi.
Çünki komandada heç nə yox idi, ancaq bir naşatır, bir də “Johnson's Baby” yağı var idi. Bəli, indi mənə kömək lazımdır. Necə ki, vaxtilə mən bu komandadan üz döndərməmişdimsə, indi növbə komandanındır. Hazırda komandanı idarə edən insanlar futbolu bilən, dəyər verən, qayğı göstərən şəxslərdir. İnanıram ki, keçmiş unudulmur. Çünki keçmişini unudan gələcəyə ümidlə baxa bilməz”.
Qeyd edək ki, Kamal Quliyev “Neftçi”, “Xəzər Lənkəran” kimi klublarda çıxış edib. O, Azərbaycan yığmasında 47 oyun keçirib.