Ru
13:24 / 23 Dekabr 2025

Kanalizasiyaya düşüb ölən Cümşüdün məhkəməsindən YENİ XƏBƏR

Kanalizasiyaya düşüb ölən Cümşüdün məhkəməsindən YENİ XƏBƏR
Eye

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsi ilə əlaqədar baxış prosesi keçirilib.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, təqsirləndirilən Azər Cümşüdovun vəkili Anar Ramazanov vəsatətlərinin olduğunu və bu vəsatətlərdəki məsələlərin aydınlaşdırılmadan işin məhkəmə baxışına verilməsini doğru hesab etmədiyini qeyd edib:

"İlk vəsatətim ondan ibarətdir ki, daşınmaz əmlak və reyestr xidmətinin mütəxəssisləri cəlb olunmaqla və məhkəmənin iştirakı ilə hadisə yerinə baxış keçirilsin. İkinci vəsatətim - ASEA- nın (Azərbaycan Su Ehtiyyatları Agentliyi) aidiyatlı şəxsləri işə cəlb olunsun. Səbəbi də odur ki, aydınlaşdırılsın görək, oradakı təmir- bərpa işlərini keçmiş tikinti idarəsi, yoxsa hazırkı ASEA-nın apardığı müəyyənləşsin. Üçüncü vəsatətim - Bu hadisənin baş verməsinə səbəbilə bağlıdır. Sözügedən ərazidəki kanalizasiya xətlərinin mühafizə zonasının üzərində tikinti obyektlərinin olmasını da səbəb kimi görürük: kimin vəsait ayırması, büdcə kimdə olub, maliyyə, təchizat və s. Bu kimi məsələlərlə bağlı işə mütəxəssis cəlb olunsun. Dördüncü vəsatətim, yaxın ərazilərdəki obyektlərin təhlükəsiz şəhər kameraları ilə bağlı sorğu verilsin. Hüquqlarını müdafiə etdiyim Azər Cümşüdov öz üzərinə düşən öhdəliyi yerinə yetiribmi - bu aydınlaşdırılmayıb. Ərazidə dayanıqlı işarələr qoyulub, bununla bağlı sübutlarımız da mövcuddur. Amma nə hikmətdirsə, hadisə baş verən günü dayanaqlar və çəpərləmə oradan götürülüb. Vəsatətim odur ki, görüntü kameralarından müəyyən edilsin ki, sonradan onları kim çıxarıb. İstəyirik ki, ərazinin üzərindəki obyektlərin sahibləri obyektlərinin görüntü kameraları alınaraq işə əlavə edilsin”.

Məhkəmə qısa müşavirədən sonra mütəxəssislərin dəvəti ilə bağlı sorğu və məhkəmənin iştirakı ilə baxış məsələsinin sənədlərin tədqiqi mərhələsində müzakirə olunacağını bildirərək, müdafiə vəkilinin verdiyi digər vəsatətlərin təmin olunduğunu bildirib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan verib. Təqsirləndirilən. A. Cümşüdov ona qarşı irəli sürülən ittihamlarda özünü təqsirli bilmədiyini deyib.

Növbəti proses 15 yanvar saat 10:00-a təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar