Ru
16:57 / 04 İyun 2026

Kart ödənişlərində komissiyalara limit qoyuldu – Vətəndaşdan əlavə pul tutulacaq?

Kart ödənişlərində komissiyalara limit qoyuldu – Vətəndaşdan  əlavə pul tutulacaq?
Eye

Azərbaycan Mərkəzi Bankı bank kartları ilə ödənişlərdə tətbiq olunan komissiyalara limit qoyub. Bu qərardan sonra vətəndaşlar arasında kartlardan əlavə vəsait tutulub-tutulmayacağı ilə bağlı suallar yaranıb.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov bildirib ki, adi istehlakçının kartından əlavə komissiya tutulmayacaq.

Onun sözlərinə görə, banklar və ödəniş iştirakçıları kartla ödəniş zamanı öz aralarında bölüşdürdükləri interçeync komissiyasına görə artıq müəyyən edilmiş yuxarı həddi keçə bilməyəcəklər:

“Məsələn, Əhməd dayı marketdə kartla 100 manat ödəyəndə əvvəllər həmin məbləğin, tutaq ki, 2 manata yaxın hissəsi banklar arasında komissiya kimi bölüşdürülə bilirdisə, indi yeni qərarla supermarket və ərzaq kateqoriyasında bu hədd maksimum 1 manat 25 qəpik olacaq. Əhməd dayı üçün 100 manat elə 100 olaraq, qalacaq.

Beləliklə, yeni limitlərə görə dərman və aptek, həmçinin ərzaq və supermarket kateqoriyalarında bu hədd 1.25 faiz, benzin satışında 0.75 faiz, ümumi kateqoriyada isə 1.5 faiz müəyyən edilib.

Bu qərarın əsas məqsədi nağdsız ödənişləri genişləndirmək, POS terminlların yayılmasını sürətləndirmək və xüsusilə kiçik sahibkarların kart qəbul etməyə marağını artırmaqdır. Çünki bəzi obyektlər yüksək komissiyaya görə kart qəbuluna isti baxmırdı.

Məncə adi istehlakçı qısa müddətdə ciddi mənfi təsir hiss etməyəcək. Əksinə, kartla ödəniş imkanlarının daha da genişlənməsi mümkündür.

Amma qərarın dolayı təsirləri də ola bilər. Dünya praktikasında interçeng tipli gəlirlərin retail yönümlü bankların ümumi gəlirlərində payı təxminən 2-6 faiz civarında qiymətləndirilir. Azərbaycanda dəqiq statistika açıqlanmasa da, oxşar diapazon ehtimal edilir.

Yeni limitlərdən sonra bu gəlirlərdə müəyyən azalma mümkündür. Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi, bonus proqramlarının azalması, müəyyən kart üstünlüklərinin dəyişməsi, bəzi xidmətlərin ödənişli olması və ya premium kart modellərinin genişlənməsi ehtimalı var. Çünki bir çox loyallıq proqramları məhz həmin komissiya gəlirləri hesabına maliyyələşirdi.

Uzunmüddətli baxanda isə bu addım daha çox nağdsız iqtisadiyyatın böyüməsinə, dövriyyənin şəffaflaşmasına və ödəniş bazarında daha sistemli qaydaların formalaşmasına təsir edəcək”.

Lalə,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar