Ru
14:24 / 30 Oktyabr 2026

Kartdan-karta köçürmə və valyuta limiti qalmaqalı: Vətəndaşların hüquqları necə pozulur?

Kartdan-karta köçürmə və valyuta limiti qalmaqalı: Vətəndaşların hüquqları necə pozulur?
Eye

“Bankların şəxsi kartlara daxil olan pul köçürmələrinə və xarici valyuta alışına tətbiq etdiyi limitlər, eləcə də bu məhdudiyyətlərin aradan qaldırılması qaydaları ictimaiyyətə açıq şəkildə izah edilməlidir”.

Bunu “Bakupost”a bank-maliyyə eksperti Əkrəm Həsənov deyib.

O bildirib ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun ekspertlərlə görüşündə əsas iradlarından biri mövcud qaydalar barədə ictimaiyyətə məlumat verilməməsi olub.

Ekspert qeyd edib ki, vətəndaşlara gündəlik və aylıq köçürmə limitləri barədə məlumat verilir. Eyni zamanda, əməliyyatın əsaslı olduğu halda banka müraciət etməklə məsələnin həll edilə biləcəyi bildirilir. Lakin bunun hansı qaydalar əsasında həyata keçirildiyi, vətəndaşın banka hansı sənədləri təqdim etməli olduğu açıqlanmır.

Ə.Həsənovun sözlərinə görə, Mərkəzi Bankın sədri sözügedən məhdudiyyətlərin dövlət qurumları tərəfindən qəbul edilmiş qaydalar deyil, bankların öz aralarındakı razılaşmalar olduğunu bildirib. Ekspert isə belə məsələlərin normal ölkələrdə qanunvericiliklə tənzimləndiyini vurğulayıb. O, bu fikrini görüşdə deputat Vüqar Bayramovun diqqətinə də çatdırıb.

Ekspert hesab edir ki, banklar arasında belə razılaşmalar varsa, onların şərtləri mütləq dərc edilməlidir. O xatırladıb ki, Mərkəzi Bank maliyyə sektorunda istehlakçıların hüquqlarını müdafiə edən, haqsız rəqabət və inhisarçılığa qarşı mübarizə aparan qurumdur. Buna görə də vətəndaşlar bankların hansı qaydaları tətbiq etdiyini bilməlidirlər.

Ə.Həsənov bildirib ki, adi vətəndaşın gün ərzində beş dəfədən çox pul köçürməsinə ehtiyac olmaya bilər. Lakin belə ehtiyac yarandıqda və əməliyyat qanuni olduqda banka müraciət etmək mümkündürsə, bunun üçün konkret prosedur və tələb olunan sənədlər əvvəlcədən açıqlanmalıdır.

Ekspert bir neçə il əvvəl bankların xarici valyuta alışına illik 20 min limit tətbiq etməsi ilə bağlı razılaşmasını da xatırladıb. Onun sözlərinə görə, bu məsələ də banklar tərəfindən fərqli şəkildə izah olunur: bəziləri limitin aşılmasına icazə vermir, digərləri isə vəsaitin mənbəyi təsdiqləndikdə əməliyyatın mümkün olduğunu bildirir.

Ə.Həsənov bu məsələ ilə bağlı şahidi olduğu bir hadisəni də danışıb. Onun sözlərinə görə, bir vətəndaş bankdakı dollar əmanətini avroya çevirmək istəyib, lakin bank əməliyyatı illik limitin aşılması kimi qiymətləndirərək buna icazə verməyib. Bank bunu dolların əvvəlcə manata, daha sonra avroya çevrilməsi ilə izah edib. Halbuki vəsaitin əmanət olduğu və mənbəyinin bəlli olduğu görünürdü. Ekspert bildirib ki, qaydalar heç yerdə dərc edilmədiyi üçün vətəndaş belə hallarda öz hüququnu müdafiə etməkdə çətinlik çəkir.

Əkrəm Həsənov qeyd edib ki, görüş zamanı Taleh Kazımov da onun bu iradları ilə razılaşıb və məsələdə kommunikasiya probleminin olduğunu qəbul edib. Mərkəzi Bank sədrinin Banklar Assosiasiyasına bankların razılaşdığı bütün məhdudiyyətlərin, o cümlədən xarici valyuta alışına və kartdan-karta köçürmələrə dair qaydaların dərc olunması və ətraflı izah edilməsi ilə bağlı tövsiyə verəcəyini bildirdiyini deyib.

Ekspert vurğulayıb ki, bu qaydalar ictimaiyyətə açıqlanmayana qədər vətəndaşların hansı limit və tələblərlə üzləşəcəyini dəqiq bilməsi mümkün deyil.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar