Kəlbəcərə verilən 10 gün: Rusların oyunu, yoxsa Bakının planı...

Kəlbəcər: 15 noyabr, Ağdam: 20 noyabr, Laçın: 1 dekabr. Bəyannamə ilə razılaşdırılan qrafik belədir. Amma qrafikin ilk etapı 10 gün uzadıldı.

Coğrafi relyefə görə Kəlbəcərin 5 gün ərzində təhvil verilməsi mümkünsüzdür: söhbət erməni əhalisi və qoşunlarının tamamilə çıxarılmasından gedir, çıxma marşrutunun bir və ensiz olması da zamana təsir edir (biz bölgəni təmizləmək üçün ermənilərin Kəlbəcəri işğal edəndə azərbaycanlılara qarşı etdiklərini etmirik).

Kəlbəcərdən çıxmanın uzanacağı şəraiti fonunda Laçının boşaldılması daha tez və asandır. Və burada sual yaranır: Azərbaycan 5 gün boşaldılmanın çətin olacağı ehtimalını da nəzərə alaraq, niyə qrafikdə ilk sıraya Kəlbəcəri saldı?!

1. Kəlbəcər və Ağdamdan çıxış bir istiqamətdədir: Ermənistana gedən Kəlbəcər-Vardanes yolu. Marşrutun bu yol üzrə olacağını düşünsək, ermənilərin Kəlbəcərdən çıxmadan Ağdamdan çıxması texniki olaraq mümkün deyil (yenə qeyd edirəm, biz çıxmaları üçün şəraiti yaradırıq);

2. Qarabağda erməni hərbi qüvvələri müharibə zamanı əsasən şimal cəbhəsi dediyimiz ərazilərdə - Ağdərə, Kəlbəcər – qalıb.

- Azərbaycan ordusu cənub cəbhəsindən təmizləyə-təmizləyə Laçına - Şuşaya qədər getdi, bu istiqamətdə erməni qüvvələr ya məhv edildi, ya da qaçdılar;
- Paşinyan kapitulyasiyaya imza atmasının səbəbi kimi “25 min (rəqəmi şişirdə də bilər) hərbçi mühasirədə qalacaqdı” dediyi qüvvələr də şimal istiqamətindədir;
- Bu qüvvələrin çıxış marşrutu da Kəlbəcər-Vardanes yoludur;

3. Azərbaycan Kəlbəcərdən çıxış müddətinin az olduğu reallığına baxmayaraq, qrafikdə ilk sıraya bu istiqaməti daxil etdi. Çünki:

- Laçının boşaldılması ilk sıraya daxil edilsəydi, şimal istiqamətindəki qüvvələr möhkəmlənə bilərdi. (nəzərə alaq ki, Paşinyan və ordu rəhbərliyinin idarəçiliyi zəifləyib)
- Razılaşmaya təhdid yaradacaq qüvvələr məhz bu istiqamətdədir;
- Bu qüvvələrin çıxışından sonra Qarabağda erməni hərbi qüvvələri qalmayacaq;
- 5 günlük müddət Ermənistanın razılaşmaya əməl edib-etmədiyini müəyyənləşdirməyə yetərli üçün lazım idi: 5 gündə heç bir hərəkətlilik olmasaydı, Bakı gerçək niyyəti daha tez görəcək və buna uyğun addım atacaqdı. Ermənilərin vandallıq etsələr belə çıxması, prosesin hələki plana uyğun getdiyini deməyə əsas verir.

Hesab etmək olar ki, Azərbaycan 5 gün müddətin az olduğunu bilə-bilə belə bir addım atdı və 5 günün tamamında 10 gün əlavə vaxt verməklə ruslara da diplomatik jest etdi.

4. Müddətin uzadılmasının Putinin xahişi ilə baş tutduğunu bilirik. Azərbaycanın razılşamanın təminatçısı kimi çıxış edən Rusiyaya belə bir jesti diplomatik gedişdir. Yəni “buna da razıyıq” minnətinin qoyulması kimi...

Prosesdə Bakının ağıllı gedişi aydın görünür. Hərçənd, risklərin olması da istisna deyil və bunun fonunda bu versiyanın əksini düşünənlərin fikrini də qeyd edirəm:

- Qrafiki Rusiya tərtib edib; Məqsəd şimal istiqamətində boşaldılmanı gecikdirmək və son günə saxladığı Laçında yerləşməkdir;

Birincisi, imzalanan sənəddə rus sülhməramlılarının nə edəcəyi, hansı ərazidə dayanacağı (Laçından cəmi 5 kilometr dəhliz verilir) qeyd olunur.

İkincisi, Rusiya tərəf olduğu kimi, Türkiyə də tərəfdir və razılaşmanın əməl edilməməsi Moskvanı Ankara ilə üz-üzə qoyur (rusların buna getməyəcəyi məlumdur);

Üçüncüsü, Azərbaycan müharibəni başlamaq üçün 30 il gözləyib və 30 ildən sonra bunu edirsə, bütün risklər və onlara qarşı addımlar hesablanıb;

Bu müharibə bölgədə vəziyyətin dəyişdiyini və 30 il əvvəlki kimi olmadığını göstərdi. Hadisələrə bir az soyuq başla baxsaq görmək çətin deyil.

Asif Nərimanlı